Dekabrın 17-də Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında uşaq ədəbiyyatının tanınmış nümayəndəsi İlyas Tapdığın anadan olmasının 80 illiyi münasibətilə “Nağıllı ağacın bağbanı” adlı tədbir keçirildi.

Tədbirdə əvvəlcə ədibin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu. Kitabxanada həmçinin İlyas Tapdığın müxtəlif illərdə uşaqlar üçün yazdığı kitabları da sərgilənirdi.
Kitabxananın direktoru Şəhla Qəmbərova çıxış edərək bildirdi ki, tədbirin məqsədi uşaqları müasir uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi İlyas Tapdığın yaradıcılığı ilə yaxından tanış etmək, bu ədəbiyyata marağı artırmaqdan ibarətdir. Qeyd etdi ki, İlyas Tapdığın şeirlərinin gənc nəslin formalaşmasında böyük rolu var.
Yazıçı-jurnalist Şəmistan Nəzərli İlyas Tapdıq ilə birlikdə işlədiyi günlərdən xatirələrini danışdı, yubilyarı yüksək mədəniyyətə və geniş dünyagörüşünə malik humanist bir şəxsiyyət kimi xarakterizə etdi.
Şair Zahid Xəlil, yazıçılar Qəşəm İsabəyli, Rafiq Yusifoğlu və başqaları çıxış edərək İlyas Tapdığın yaradıcılığını yüksək qiymətləndirdilər. Bildirdilər ki, onun yaradıcılığında əsas qayəsini, mənbəyini milli məfkurədən götürən düşüncə tərzi ilə yoğurulmuş əsərlər başlıca yer tutur.
Daha sonra balacalar maraqlı səhnəciklər göstərərək yanıltmaclar, şeirlər söylədilər, İlyas Tapdığın şeirlərinə bəstələnmiş mahnıları ifa etdilər.

Fariz Hüseynov