Vaşinqtonda yerləşən və Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən Tekstil muzeyində Azərbaycan mədəniyyəti günü keçirilib.
Tədbir ölkəmizin ABŞ-dakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Corc Vaşinqton Universitetinin azərbaycanlı tələbələr assosiasiyası tərəfindən təşkil olunub. Tədbirə universitetin tələbə, müəllim və tədqiqatçıları ilə yanaşı, ictimaiyyət nümayəndələri də qatılıb.
Mərasimdə Corc Vaşinqton Universitetinin beynəlxalq strategiya üzrə dekanı Duqlas Şau çıxış edərək Azərbaycan mədəniyyətinin zənginliyini vurğulayaraq tədbirin təşkilini yüksək qiymətləndirib.
Universitetin tələbəsi Çilənay Səfərli və səfirlik əməkdaşları qonaqlara ölkəmizin zəngin tarixi, mədəni irsi, o cümlədən milli musiqisi və geyimləri, xalçaçılıq sənəti və rəssamlıq məktəbi, zəngin tarixi irsə əsaslanan Azərbaycanın multikulturalizm ənənələri və bu sahədə dövlət siyasəti barədə geniş məlumat veriblər.
Qonaqlara ölkəmizin tarixi, coğrafiyası, turizm potensialı, o cümlədən Bakı və bölgələrdə görməli yerlərdən bəhs edən videoçarx təqdim olunub. Eyni zamanda, Azərbaycanla bağlı interaktiv oyunlar təşkil edilib və qaliblərə ölkəmizə dair xatirə hədiyyələri verilib.
Sonra qonaqlar üçün Azərbaycanın zəngin mətbəxinin ləziz yemək, şirniyyat və içkilərindən ibarət ziyafət təşkil olunub. Milli musiqi nümunələrimizi dinləyən tədbir iştirakçılarına ölkəmizlə bağlı hazırlanmış çap materialları paylanılıb.