Azərbaycan və ingilis dilində hazırlanan kitabda klassik və müasir şairələrin əsərləri toplanıb

Dekabrın 24-də Azərbaycan Dillər Universitetində “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” kitabının təqdimat mərasimi keçirildi.

Azərbaycan və ingilis dilində hazırlanan kitab “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihəsi əsasında ərsəyə gəlib.
Tədbirdə çıxış edən ictimai birliyin rəhbəri, Azərbaycan Dillər Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyeva nəşrin Azərbaycan ədəbiyyatının qadın nümayəndələrinin tanıdılması baxımından əhəmiyyətini diqqətə çatdırdı. Bildirdi ki, bu, “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin UNESCO ilə reallaşdırdığı ikinci layihədir. Təşkilat 2008-ci ildə “Azərbaycan dilinin xəzinəsi: Azərbaycan dilinin inkişafı və kodlaşdırılması məqsədilə məlumat bazasının yaradılması” adlı layihə çərçivəsində Azərbaycan tərcümə ədəbiyyatının məlumat bazasından ibarət www.translit.az saytını yaradıb.
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının nümayəndəsi Mustafa Şabanov, şair Səlim Babullaoğlu və başqaları çıxış edərək əsrlər boyu Azərbaycan xanımlarının mədəniyyətimizdə, incəsənətimizdə və dövlətçilik tariximizdə tutduğu önəmli mövqelərindən danışdılar. Qeyd olundu ki, antologiya Azərbaycan qadınlarının mədəniyyətimizdəki önəmli yerinə verilən qiymətin bir nümunəsidir. Antologiyada yer almış əsərlər üç dövrə bölünür. Burada klassik qadın şairlərimizin əsərləri, XIX əsrin ikinci yarısından XX əsrin 20-ci illərinə qədər olan dövrdə yaranan poeziya nümunələri və sovet dövründə yaşayıb-yaratmış qadın şairlərin seçilmiş şeirləri toplanıb. Poeziya nümunələri ingilis dilinə azərbaycanlı tərcüməçilər tərəfindən çevrilib, professor Şəhla Nağıyeva və ABŞ-ın Kaliforniya Universitetinin müəllimi Əlison Məndəvil tərəfindən redaktə olunub. İllüstrasiyalar Günay Həsənovaya məxsusdur. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva kitaba “Mənəvi ucalıq” adlı ön söz yazıb.
500 nüsxə tirajla nəşr edilən antologiya Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına və ölkəmizdə fəaliyyət göstərən xarici ölkələrin diplomatik korpuslarına təqdim olunacaq.

Fariz Hüseynov