Ustad şair, Prezident təqaüdçüsü İlyas Tapdığın 80 illik yubileyinə sözardı

1934-cü ildə Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulan İlyas Tapdıq yaxınlıqda yerləşən Kiçik Qaramurad kənd məktəbində orta təhsilini tamamlayaraq, 1952-56-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində oxumuşdur. Tələbəlik illərindən ədəbi yaradıcılığa başlamış, 1955-ci ildə, dördüncü kursda oxuyarkən ilk şeirlər kitabı çapdan çıxmışdır. Səməd Vurğun, Osman Sarıvəlli, Rəsul Rza, Nəbi Xəzri, Hüseyn Arif və digər tanınmış şairlər onun haqqında dəfələrlə xoş sözlər, maraqlı fikirlər söyləmişlər. Azərbaycanda və keçmiş ittifaq ölkələrində keçirilən bir sıra müsabiqə və festivalların laureatı olmuş şair müxtəlif nəşriyyatlarda, Televiziya və Radio Verilişləri Komitəsində işləmişdir.
1992-95-ci illərdə Türkiyədə yaşayan şair qardaş ölkənin ədəbi, ictimai həyatında fəal iştirak etmişdir. 1994-cü ildə onun 60 illik yubileyi Ankarada Türkiyə Elm, Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi (İLESAM) tərəfindən təntənəli şəkildə qeyd edilmişdir. Yubileydə xalq şairləri Bəxtiyar Vahabzadə, Nəbi Xəzri və digərlərinin Bakıdan göndərdikləri təbrik məktubları alqışlarla qarşılanmış, Türkiyə sənətçiləri onun şərəfinə nəğmələr ifa etmişdilər.
İlyas Tapdıq eyni zamanda Azərbaycanda aşıq sənətinin inkişafındakı əvəzsiz fəaliyyəti ilə də seçilməkdədir. Bu sənətə aşkar biganəlik hökm sürdüyü dövrlərdə məhz onun şəxsi qayğısı və təşəbbüsü hesabına televiziya və radioda, qəzet və jurnallarda aşıqlar, saz ifaçıları təbliğ olunmuşdur.
Dünyanın bir çox ölkələrində (Rusiya, Belarus, Qırğızıstan, Türkmənistan, Estoniya, Litva, Polşa, Çexiya) şeirləri nəşr olunan şair həm də mahir tərcüməçi kimi tanınmışdır. Keçmiş ittifaqın məşhur ədəbi simaları onu xüsusilə sovet uşaq poeziyasının öncül, görkəmli xadimləri sırasında dəyərləndirmişlər.
İlyas Tapdıq 50 kitabın müəllifi, mindən çox kitabın redaktorudur. Müxtəlif tədbirlərdə iştirak və çıxışlar edərək ilhamı ilə baş-başa olan şairin zaman-zaman nəşr olunmuş «Bulaq başında», «Gözlər», «Bir eşqin şimşəyi», «Arxalı dağlar», «Əksim və qəlbim», «Meşənin mahnısı», «Qızlar, qağayılar», «Özümlə görüş», «Məhəbbət yolları» və s. kitabları oxucular və ədəbi mühit tərəfindən maraqla qarşılanmışdır.
Müdriklik çağlarını yaşayan şairin uşaqlar və böyüklər üçün yazdığı onlarla şeirinə nəğmələr qoşulmuşdur. Bunlarla yanaşı, müəllifin «Gədəbəydədir», «Dağlar, sizə baş əyməyə gəlmişəm», «Qoşqar», «İndi Gədəbəyin yaxşı vaxtıdır», «Sazda ana laylası var», «Dağların», «Meşəbəyi», «Mən bu günü başqa günə qatmaram» və s. şeirlərini aşıqlar on illərdir ki, ifa etməkdədirlər.
Aşıq-şair Vəli Miskinli, aşıq Şəmşir, Mikayıl Azaflı, Hüseyn Saraclı, Əhməd Sadaxlı, aşıq Kamandar, aşıq İsfəndiyar, aşıq İmran, aşıq Əkbər, aşıq Sayad, aşıq Məlik, aşıq Ədalət və daha neçə-neçə saz-söz ustaları şairlə birgə ziyalı məclislərinə, el şənliklərinə şuxluq, təravət gətirmişlər. Adları qeyd olunan və qeyd olunmayan onlarla sənət fədaisi aşıq sənətinə dəyər verən İlyas Tapdıqla birgə olmaqdan zövq almışlar. Çünki o, istər televiziyada, istərsə də müxtəlif ədəbi yığıncaqlarda saz-söz ustadlarına ürəkdolusu meydan açmışdı. Bu estafet indi də davam etməkdədir. Sazın-sözün yeni ünvanlarıyla. Çünki bu zövqün təməli və mükəmməl bir nədəni vardır. Aşıqların könlü onun şeriyyətində, saza vurğunluğunda, təəssübkeşliyində olduğu kimi, şairin də könlü aşıqların sazında olmuş və indi də olmaqdadır. Ürəyi sazla avazlaşan, sazla isinən şair bunu “O sazı çal, o sazı...” şeirində belə ifadə etmişdir:

O sazdadır ürəyim,
Bağrına bas o sazı.
Götür sinən üstünə!
Bala-bala sən məni
Qarışdır öz tüstünə.


Şair haqqında yazılanlardan

Yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlal Paşayev: «Azərbaycan oxucusu İlyas Tapdığı səmimi, səmərəli lirik şeirləri ilə tanıyır. Onun şablondan, çılpaq təbliğatdan uzaq - orijinal və şairanə tematikası vardır. Doğma yurdun insanları, təbiəti və gözəlliyi... şairin təmiz hisslərinin vəhdəti ilə ifadə olunur. İlyas Tapdığın şeirlərinin başlıca xüsusiyyəti təbiilik və səmimiyyətdir. O nədən yazırsa yazsın, mövzunu poetikləşdirməyi bacarır».

Xalq şairi Süleyman Rüstəm: «İlyas Tapdıq təzə söz deməyə, öz oxucularını düşündürməyə səy edən istedadlı şairdir. İlyas Tapdıq çox gözəl bilir ki, tələbkar oxuculara, bədii cəhətdən kamil, rəngarəng boyalarla müzəyyən (bəzəkli - red.) zəmanəmizin nəbzilə vuran, ürəklərə yol tapan şeirlər gərəkdir. İlyas Tapdıq axtarışdadır».

Xalq şairi Bəxtiyar Vahabzadə: «İlyasın xarakterindəki gözəl əlamətləri - təvazökarlığını, nəcibliyini, başqa şair dostlarının qələbəsinə sevinməsini qeyd etmək istəyirəm. İlyas heç zaman özünü gözə soxmağa çalışmır. Başını aşağı salıb öz mütəvaze işi ilə məşğuldur. İlyas verdiyindən danışmaz, amma aldığını dönə-dönə təkrar edər. Allahın ona verdiyinə o, hər zaman şükran olmuşdur. Ona görə də yazır:
Görüb vurulmağa mənə göz verib,
Ana təbiətə təşəkkürüm var.
Bizim də onun təşəkkürünə təşəkkürümüz var...»

Xalq yazıçısı Süleyman Rəhimov: «Mən çoxlarına deyirəm ki, yazma. Amma İlyasa sən yaz, deyirəm. Sənin yaxşı gələcəyin var».

Xalq şairi Hüseyn Arif: «İlyas Tapdığın misrası («Bənövşə xatirinə kol dibinə iz düşdü») yazdırıb bu şeiri mənə:
Meh toxunar üzlərinə,
Nur ələnər gözlərinə.
Kol dibini özlərinə,
Məskən seçər bənövşələr.

İlyasın hər şeir kitabı bir qom bənövşəyə oxşayır - təzə-tər, ətirli. Şeirlərində hər söz, hər misra ürək kimi çırpınır».

Xalq şairi Məmməd Araz: «Ötən yüzillikdə uşaq ədəbiyyatı sahəsində iki yazıçımızın gərgin əməyini xüsusilə qeyd etmək istərdim. Bunlardan biri adı dillər əzbəri olan Abdulla Şaiqsə, ikincisi onun zəngin ənənəsini davam etdirən, bu sahədə xeyli uğurlu əsərlər müəllifi kimi tanınan İlyas Tapdıqdır».

Akademik Bəkir Nəbiyev: «Peşəkar uşaq ədəbiyyatımızın banisi və ən məhsuldar nümayəndəsi, bu ədəbiyyatın bir sıra klassik nümunələrinin yaradıcısı Abdulla Şaiqdən sonra bu sahədə çalışanlardan üçünün Azərbaycan uşaq ədəbiyyatında özünəməxsus yeri var: Xanımana Əlibəyli, Teymur Elçin və İlyas Tapdığın».

Xalq şairi Zəlimxan Yaqub: «İlyas Tapdığın «Şeir sevən balalar» kitabı həcm və məzmun etibarı ilə ən sanballı kitabdır desəm, qətiyyən səhv etmərəm. İnanıram ki, bu kitab məktəbli balalarımızın, şeiri çox sevən körpələrimizin ən sevimli kitabı kimi zaman-zaman oxunacaq. Dərslik kitablarımız bu kitabda nəşr olunan rəngarəng, duru, təravətli şeirlərin hesabına daha da zənginləşəcək:
Sözü çiçəklərin dadında qalan,
Eşqi baxışların odunda qalan,
Şeiri Zəlimxanın yadında qalan,
Nəfəsi Allaha xoş gələn kişi».


Etibar Əliyev,
Gədəbəy Aşıq Məktəbinin direktoru