Bu gün hər kəs vaxtının müəyyən hissəsini televiziya ekranı qarşısında keçirir. Təbii ki, tamaşaçıların estetik zövqünün formalaşmasında, dünyagörüşünün zənginləşməsində telekanallarda nümayiş olunan verilişlərin mühüm rolu var.

Azərbaycan teleməkanında insanların zövqünü oxşayan, intellektual səviyyəsini artırmağa xidmət edən verilişlər az da olsa var. Belə nümunələrdən biri də Azərbaycan Televiziyasında ekrana çıxan, daha sonra isə “Mədəniyyət” kanalında efirə gedən “Məclisi-üns” layihəsidir.
Xatırladaq ki, hələ XIX əsrin ikinci yarısında Şuşada “Məclisi-üns” (“Ünsiyyət məclisi”) adlı ədəbi məclis fəaliyyət göstərib, böyük şairə Xurşudbanu Natəvan bu şeir-sənət ocağını himayə edib.
2006-cı ildən yayımlanan “Məclisi-üns” də klassik Azərbaycan ədəbiyyatını, eləcə də musiqi mədəniyyətimizin yaşadılmasına və təbliğinə xidmət edir. Burada şeir bilicilərinin - tanınmış ədəbiyyatşünasların bədii nümunələri dərindən təhlil etməsi ədəbi yaddaşın təzələnməsində və cilalanmasında böyük əhəmiyyət kəsb edir. Eyni zamanda muğamlarımızın, xalq mahnıları və təsniflərin professional xanəndələr tərəfindən səsləndirilməsi şeirlə musiqinin mükəmməl harmoniyasını yaradaraq tamaşaçıların qəlbinə yol tapır.
Ötən müddətdə veriliş təkcə mütəxəssislər, filoloji araşdırma aparanlar üçün deyil, ümumilikdə söz-sənət həvəskarları üçün həqiqi ədəbiyyat və mükəmməl musiqinin ünvanına çevrilib. Layihənin populyarlıq qazanması Yaqub Əliyevin rəhbərlik etdiyi yaradıcı heyətin əməyinin bəhrəsidir. Məqsəd də ondan ibarətdir ki, təkcə qəzəl, poeziya həvəskarları deyil, ziyalı təbəqə də bu verilişə maraq göstərsin. Ona görə də verilişlərdə ədəbi-tarixi yaddaşımızın maraqlı səhifələri vərəqlənir, ədəbi dövrün mənzərəsi canlandırılır.
Layihədə təqdim edilən rubrikalar sırasında müxtəlif vaxtlarda ölkəmizdə fəaliyyət göstərən ədəbi və musiqi məclisləri haqqında bölüm xüsusilə diqqəti çəkir. Qarabağda fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” (“Unudulmuşlar məclisi”), Gəncədəki “Divani-hikmət” (“Hikmət evi”) ədəbi məclislərinin yubileyləri ilə əlaqədar silsilə verilişlər də seyrçilərin marağına səbəb olub. Verilişin yayımlandığı bu illər ərzində orta əsr ədəbiyyatımızın tanınmış araşdırıcısı, akademik Teymur Kərimli, mərhum qəzəlxan, tədqiqatçı Ələmdar Mahir, əruzşünas, professor Tərlan Quliyev və digərlərinin müxtəlif mövzularda maraqlı polemikaları filoloji fikrin inkişafına töhfələr verib.
Son dövrlər layihədə gənc nəslə daha çox yer ayrılır, onların ədəbi aləmdə fəaliyyətinin, fikirlərinin ictimaiyyətə çatdırılmasına şərait yaradılır. Eyni zamanda verilişdə təqdim edilən mövzular ədəbiyyatşünaslar üçün yeni elmi axtarışlara üfüq açır, böyük müzakirələrə səbəb olur. Ümid edirik ki, elmi-kütləvi xarakter daşıyan, bu günədək 300-dən artıq buraxılışı efirə gedən “Məclisi-üns” bundan sonra da maraqlı və aktual mövzularla tamaşaçıların görüşünə gələcək.

Lalə Azəri