Fransanın məşhur yazıçılarından olan Mişel Uelbekin “İtaətkarlıq” romanı ölkədə gərgin müzakirələrə səbəb olub. Kitab hələ dükanlara çıxmasa da, artıq populyar internet-mağazası olan “Amazon”da ilk yeri tutur.
“Euronews” telekanalının məlumatına görə, Mişel Uelbekin siyasi antiutopiya janrında yazılmış romanı 2022-ci ildəki seçkilərdə Yelisey sarayına milliyyətçilərin lideri Marin Le Pen üzərində qələbə çalan islamçı prezidentin gələcəyindən bəhs edir. Əsərin qəhrəmanı əvvəl Fransada, daha sonra isə digər Avropa dövlətlərində islam qanunlarını bərqərar etməyə başlayır.
Romanın motivlərdən qəzəblənən müsəlman təşkilatları Uelbeki dini və irqi nifrəti qızışdırmaqda ittiham ediblər.