Məşhur bestsellerlər müəllifi, ABŞ yazıçısı Stiven Kinqin “Yazı sənəti” (“On Writing”) kitabının dilimizə orijinaldan tərcüməsi işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatında çapdan çıxan kitabı ingilis dilindən Kazım Səlimov tərcümə edib.
Tərcüməçi bildirib ki, Stiven Kinq bu əsərdə öz həyatının müxtəlif dövrlərinə aid epizodların təsvirini yazı yazmaq sənətkarlığı yolunda püxtələşməsi prosesinin təsviri ilə üzvi surətdə ustalıqla birləşdirib. Kitabın xatirələr xarakterli hissələrində həmin dövrdə orta ABŞ ailəsinin (əsasən Stivenin öz ailəsinin) gündəlik həyatının fraqmentləri parlaq və dəqiq fotoşəkillər kimi əks olunub.
Kitabda yazı yazmaq sənətinin, Kinqin fikrincə, vacib qaydaları, gözə görünməyən və o qədər də sadə olmayan incəlikləri çox təbii üsullarla, əyani nümunələrlə, eyni zamanda yazıçıya xas olan yumor, istehza, gözəl dialoqlar, lakonik təsvirlərlə oxucuya çatdırılır.
316 səhifəlik kitab yazı yazmaqla məşğul olan, səliqəli işləməyi sevən hər bir şəxs üçün faydalı və maraqlı ola bilər.