Azərbaycan Yazıçılar Birliyində (AYB) Finlandiyanın “Ntamo” nəşriyyatında çapdan çıxan “Azərbaycanın lirika antologiyası”nın təqdimatı keçirilib. Nəşri Tahirə Cəfərova tərtib edib. Kitabda iyirmi yeddi şairin şeirləri yer alıb. Şeirləri fin dilinə Tahirə Cəfərova, Leevi Lehton, Hannu Məkələ, Yukka Mallinen, Timo Malmi tərcümə ediblər.
Təqdimat mərasimində AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək Tahirə Cəfərovaya təşəkkürünü bildirib, ona Azərbaycan Yazıçılar Birliyinin diplomunu təqdim edib.
Çıxışlarda ilk dəfə fin dilində belə bir antologiyanın nəşr olunması yüksək qiymətləndirilib və bu istiqamətdə işin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda çıxış edən Tahirə Cəfərova bundan sonra da Azərbaycan ədəbiyyatının təbliği istiqamətində çalışacağını deyib.