Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyində (AYB) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə giriş sözü söyləyən AYB-nin sədri, Xalq yazıçısı Anar 20 Yanvar hadisələrini xalqımızın tarixində, taleyində ən faciəli günlərdən biri kimi xatırlayıb. O faciəli günlərdə şair və yazıçıların haqq səsimizi dünyaya çatdırmağa çalışdıqları bildirilib.
AYB-nin birinci katibi, Xalq şairi Fikrət Qoca, sədr müavini Nazim İbrahimov, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu, “Azərbaycan” jurnalının poeziya bölməsinin rəhbəri Qəşəm Nəcəfzafə, şair Oqtay Rza xalqımızın mərd övladları ilə daim qürur duyduqlarını, 20 Yanvar faciəsinin gənclərin yaddaşında həmişə qalacağını söyləyiblər. İyirmi beş il əvvəl baş vermiş hadisənin şair və yazıçılarımızın əsərlərində bədii boyalarla əks etdirildiyi vurğulanıb. Şairlər şəhidlərə ithaf etdikləri şeirlərini oxuyublar.