Sözü, sənəti ilə milyonların sevgisini qazanan Xalq şairi Zəlimxan Yaqub haqqında yeni kitab işıq üzü görüb. Şairin anadan olmasının 65 illiyi ərəfəsində “Vətən” nəşriyyatında nəfis tərtibatla çap olunan “Sözün Zəlimxan zirvəsi” kitabının müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğludur. Giriş və on üç bölmədən ibarət olan monoqrafiyada Xalq şairinin yaradıcılığı müxtəlif aspektlərdən təhlil olunur. Kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir.
Kitabı Zəlimxan Yaqubun yaradıcılığına həsr olunmuş sanballı tədqiqat işi hesab edən Q.Paşayev deyir: “Zəlimxan Yaqubun bağbanı olduğu şeir bağçasına daxil olmaq üçün gərəkdir ki, çağdaş poeziyamızla yanaşı, folklorumuzu, xüsusən də, aşıq yaradıcılığını, Zəlimxanı yetişdirən mühiti yaxşı biləsən. “Sözün Zəlimxan zirvəsi” kitabı şairin sahilsiz ümmana bənzər yaradıcılıq yoluna işıq tutan tədqiqat işi olmaqla bərabər, Zəlimxan Yaqubun poeziya aləminə uğurlu səyahətdir”.