Misir Mədəniyyət Nazirliyinin Milli Tərcümə Mərkəzi “Dünya ədəbiyyatı seriyasından” azərbaycanlı yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “İnsan dənizi” romanını nəşr edib. Kitabı ərəb dilinə Bakıdakı Misir Mədəniyyət Mərkəzinin rəhbəri, Azərbaycanla bağlı bir çox araşdırmaların müəllifi Əhməd Sami Elaydi çevirib. Nəfis şəkildə nəşr olunan kitabın sonunda Vaqif Sultanlının bioqrafiyası və tərcüməçi haqqında məlumat verilib.
Real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış, hadisələrin ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanda ölüm cəzasından xilas olaraq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın taleyi fonunda cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapıb. “İnsan dənizi” romanı bu günlərdə Qahirədə keçirilən 46-cı beynəlxalq kitab sərgisində nümayiş etdirilib.