Türk dünyasının böyük mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” kitabı Azərbaycan dilinə tərcümə olunub. Türk-islam əxlaqı və düşüncəsini əks etdirən “Məsnəvi” üçcildliyi türkiyəli alim, professor Adnan Qaraismayıloğlunun orijinaldan tərcüməsi əsasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən Azərbaycan dilinə çevrilərək nəşr olunub.
Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təşəbbüsü ilə çap olunub.
Əsərin Azərbaycan dilinə tərcümə olunmuş variantı növbəti dəfə altı cilddə Türkiyədə çap edilib. Ruminin həyatı və irsi haqqında yığcam, lakin dolğun, məzmunlu məlumatların daxil edildiyi əsər bütün bölmələri ilə insanlığa əxlaq və mənəviyyat həqiqətinin işığını tutur. Kitabın redaktoru AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylidir.