Fevralın 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı Əli Cəfəroğlunun “Dənizçinin səyahəti” və “Aforizm çələngi” kitablarının təqdimatı keçirildi.
Mərasimdə çıxış edən yazıçı-jurnalist Təranə Vahid müəllif haqqında məlumat verdi. Bildirdi ki, fərqli yaradıcılıq yoluna malik yazıçının yeni kitabları olduqca maraqlıdır: "Əli Cəfəroğlu oxuculara doğma yurda məhəbbət, vətənpərvərlik, tarixi keçmişə və milli-mənəvi dəyərlərə sevgi kimi keyfiyyətləri aşılayır".
Digər çıxış edənlər də müəllifin yaradıcılığını yüksək qiymətləndirdilər, ona yeni uğurlar arzu etdilər.
Qeyd edək ki, Əli Cəfəroğlunun indiyədək altı kitabı işıq görüb. “Dənizçinin səyahəti” kitabında yazıçının eyniadlı povesti və son dövrlərdə yazdığı hekayələri toplanıb. Povest və hekayələr müəllifi kimi tanınan yazıçı bu dəfə ədəbi ictimaiyyətə fərqli kitab da təqdim edib. “Aforizm çələngi” müxtəlif mövzulara dair hikmətli sözlər toplusudur. Adətən aforizmlər filosofların, görkəmli şəxsiyyətlərin çıxışlarından tərtib olunur. Əli Cəfəroğlunun yeni kitabındakı aforizmlər onun özünə məxsusdur.

Fariz