Fazil Güneyin yeni kitabının təqdimatı

Martın 4-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı, filologiya elmləri namizədi Fazil Güneyin “Yalanın gerçəkliyi” kitabının təqdimatı olub. Mərasimdə tanınmış şair, Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu Fazil Güneyin yaradıcılıq yolundan, əsərlərinin orijinal üslubundan danışıb. Bildirilib ki, müəllif Suriya, İraq və Liviyada hərbi və mülki tərcüməçi kimi çalışdığı illərdə də ədəbiyyatımızın təbliği istiqamətində mühüm işlər görüb və Azərbaycan həqiqətlərinin dünyaya tanınmasına öz töhfəsini verib.
General-leytenant Ədalət Paşayev, Xalq şairi Sabir Rüstəmxanlı, politoloq Reyhan Mirzəzadə və digər çıxış edənlər də Fazil Güney yaradıcılığından söz açıblar.
Diqqətə çatdırılıb ki, kitabda müəllifin müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərdən seçmələr toplanıb. Bu əsərlər fərqli mövzularda olsalar da, onların aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır. Seçmələr arasında romantik, fəlsəfi əsərlərlə yanaşı, sarkazmla yazılmış “Yalanın gerçəyi” povestində, “Amazon”, “Cənnəti də pulla almaq istədi”, “Nostalji” hekayələrində yazıçı qəhrəmanlarının iş dünyasını açmaq üçün düşündürücü satiradan, “Qloballaşma dərsi” və digər hekayələrində islahedici yumordan istifadə edib.
Müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni kitabında yer alan əsərlərindən söz açıb.