İnsan güclü ağıl, yaxşı xasiyyət sayəsində kamilliyə çata bilər

Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən Əl-Fərabi adına Milli Universitetində I beynəlxalq Fərabi qiraəti keçirilib. Qazaxıstan Milli Akademiyası və TÜRKSOY-un iştirakı ilə gerçəkləşən forum Əbu Nəsr əl-Fərabinin anadan olmasının 1145 illiyinə, Qazax xanlığının 550 illiyinə, Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilib.
“Əl-Fərabi və müasirlik” beynəlxalq forumu dünya elm aləmində dialoq və əməkdaşlıq istiqamətində yeni platformaya çevrilməkdədir. Universitetin rektoru Qalım Mutanov bildirib ki, forumun sayəsində bəşəriyyətin inkişafının ötən dövrlə müqayisə edib cari problemlərini nəzərdən keçirmək mümkündür: “Əl-Fərabi hər zaman xoşməramlı cəmiyyətin arzusunda olub. O hesab edib ki, hər kəs xoşbəxt olmalıdır və ağıl insana ona görə verilib ki, o yüksək kamillik əldə etsin. Kamillik isə yaxşılıq deməkdir. Güclü ağıl, yaxşı xasiyyət kimi keyfiyyətlərin sayəsində insan kamilliyə çata bilər”.
Forumun gedişində əl-Fərabinin qazax dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib, mütəfəkkirə həsr edilmiş sənədli film nümayiş olunub.

Mehparə