Azərbaycan şairlərinin antologiyası ingilis dilində

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin növbəti nəşri - ingilis dilində tərtib edilmiş “Candles (101 verses)” - “Şamlar (101 şeir)” antologiyası işıq üzü görüb. Azərbaycanın 55 şairinin 101 şeirinin yer aldığı kitab zəngin ənənələrə malik poeziyamızın müasir mənzərəsinin beynəlxalq müstəviyə çıxarılması istiqamətində Tərcümə Mərkəzinin həyata keçirdiyi ilk nəşrdir.
Azərbaycanın müasir poeziyasını beynəlxalq kitab sərgilərində təmsil edəcək bu topluya Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, Əli Kərim, Məmməd Araz, Musa Yaqub, Sabir Rüstəmxanlı, Kamal Abdulla, Zəlimxan Yaqub, Ramiz Rövşən, Vaqif Bayatlı Odər, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Fikrət Qoca, Nəriman Həsənzadə, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Zakir Fəxri, Salam Sarvan, Əjdər Ol və digər şairlərin şeirləri daxil edilib.
Antologiyanı ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru, yazıçı Kamran Nəzirli tərcümə edib.