“Dərbəndnamə”dən sonra Azərbaycan türkcəsində tariximizə aid ikinci yazılı nümunə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan “Səfəviyyə padşahları” adlı əlyazma “Dərbəndnamə”dən sonra Azərbaycan türkcəsində tariximizə aid ikinci yazılı nümunədir. Müəllifi hələlik bəlli olmayan əsər Səfəvi dövlətinin süqutu ərəfəsində baş verən ictimai-siyasi hadisələrdən, əfqanların qaldırdıqları üsyandan, səfəvilərin onlarla apardığı mübarizədən bəhs edir.

Əlyazmanın giriş hissəsində I Şah İsmayıldan III Şah Abbasa qədər Səfəvi şahlarının hakimiyyətdə olduqları dövr haqqında məlumat verilib və bu müddət ərzində dövlətdə yüksək mövqe tutan şəxslərin adları çəkilib, vəzifələri göstərilib.

Əsərin mövzusu Səfəvi dövlətinin tarixi ilə əlaqədar XVIII əsrin birinci yarısında böyük aktuallıq kəsb edib. Məşhur müəlliflər Jozef Tiflisi, Tabeuş Kruşinski, Müsyö de Qardan səfəvi-əfqan münasibətlərinə dair ayrıca əsərlər yazmışlar. Dürri Əhməd Əfəndi də “Səfarətnamə” əsərinin bir hissəsini bu mövzuya həsr etmişdir. 1703-1721-ci illərdə Səfəvi dövlətində olmuş Osmanlı casusu Bədrəddinzadə bu barədə yazılı şəkildə gizli məlumat vermişdir. Səfəvi dövlətinin ictimai-siyasi vəziyyətindən öz maraqları üçün istifadə edən dövlətlərin nümayəndələrinin mövqeyinin bu dövlətin əleyhinə olduğunu onların əsərlərindən də aydınca görmək mümkündür.

Lakin bu mövzuya həsr olunmuş əsərlər arasında yalnız “Səfəviyyə padşahları”nın müəllifi, açıq şəkildə bildirməsə də, bütün məsələləri Səfəvilərin mövqeyindən izah etməyə çalışmış, Səfəvi xanədanının tərəfdarı olduğunu göstərmişdir. Təbii ki, belə bir mövqe azərbaycanlı müəllifə xas ola bilərdi. Müəllif burada Səfəvi dövlətinin bərpa olunacağına inanır və bunu ölkəni əfqanlardan və osmanlılardan azad etmiş Təhmasibqulu xanın (Nadir şahın) hərbi uğurları haqqında məlumat verməklə nümayiş etdirir.

Bu əsər tarixi faktlarla zənginliyinə görə deyil, ilk növbədə dilinə görə diqqəti cəlb edir. Azərbaycan türkcəsində bir çox elm sahələri ilə bağlı yazılı abidələrin olmasına baxmayaraq, hesab edirik ki, “Səfəviyyə padşahları” da yazılı dilimizin tarixini öyrənmək baxımından bizə yeni materiallar verə bilər. Bu cəhətdən əsərdəki başlıqlar bir sıra yazılı ədəbi abidələrimizin, xüsusilə də “Kitabi-Dədə Qorqud”un başlıqlarını xatırladır. Məsələn, “Bundan sonra Mir Veys Qəndəhar almağın bəyan edər”, “Bundan sonra Fətəli xan Qacar qoşun cəm etməyin və padşah yanına gəlməyin bəyan edər” və s. Müəllif hadisələri təsvir edərkən bədii əsərlərin dilindən, şeir parçalarından da istifadə edib: “Nagah bir namərd uzaqdan bir güllə xani-alişanə urub, sinəsinə toqunub, arqasından keçib, atdan sərnigun olub, xakdani-dəhrə düşdü, cani-şirindən əlin yuyub, tamaşayi-aləmi fəramuş eylədi. Yaxud nəzm:

Gözün yumdi təmaşayi-cəhandan,

 Fərağət buldu qovğayi-zamandan”.

Əsərin bəzi hissələrində hadisələr dövrün canlı xalq danışıq dilində təqdim olunur: “Darüssəltəneyi-Qəzvində Şah Təhmas cülus eylədi. Ondan qoşun cəm eyləmək üçün Qəzvindən Təbrizə getdi. Mahmud eşitdi ki, Şah Təhmas Qəzvində cülus edibdir. Qoşun Qəzvinə göndərdi ki, Şah Təhması tutalar. Əfğan Qəzvinə gəlib Qəzvini mühasirə eylədi. Altı ay Qəzvin mühasirə oldi…”

Şübhəsiz ki, bu əsər Azərbaycan türkcəsində yazılmış bədii əsərlərdən fərqli olaraq mükəmməl və formalaşmış bir dil abidəsi kimi cəlbedici olmaya bilər. İzafət konstruksiyasından, “ki” bağlayıcısından, fel formalarının rəvayət şəklindən (“idi”) geniş istifadə olunmasını əsərin həm tarix elmi sahəsində ilk təcrübələrdən olması ilə, həm də müəllifin oxucuya sözü deyil, faktları çatdırmağa meylli olması ilə izah etmək mümkündür.

“Səfəviyyə padşahları” əsərinin əlyazması 1733-cü ilin 29 sentyabrında katib Mirzə Süleyman Dilmaç tərəfindən köçürülmüşdür.

Paşa Əlioğlu, filologiya elmləri doktoru