Aprelin 9-da tanınmış yazıçı-dramaturq Elçin Hüseynbəyli Bakı Dünya Məktəbinin yuxarı sinif şagirdləri ilə görüşüb. Görüş Beynəlxalq Bakalavr Proqramı (İBO) çərçivəsində keçirilib. Şagirdlər bu proqram üzrə Azərbaycanın və dünyanın tanınmış yazıçılarının əsərləri ilə tanış olur və müzakirə edirlər. İlk olaraq müzakirəyə Elçin Hüseynbəylinin “141-ci Don Juan” romanı çıxarılıb.
Məktəbin ədəbiyyat müəllimi Könül Kazımovanın təşəbbüsü ilə baş tutan görüşdən öncə tədris ocağının koordinatoru Rəna Həsənova proqramla bağlı yazıçıya əhatəli məlumat verib.
Məktəbin şagirdi Fidan Məmmədli yazıçının həyat və yaradıcılığı ilə bağlı bilgiləri şagirdlərə çatdırıb. Görüş sual-cavab və fikir mübadiləsi şəklində davam edib.
Şagirdlərdən Vasif Yusifzadə, Ceyhun Nəsibov, Mövsüm Hüseynov, Şamil Ağayev, Mədinə Kərimova, Aydan Nağıyeva, Asim Cabbarov, Fərid Qəmbərov, Həsən Baxşızadə, İntiqam Fətizadə, Rüstəm Həsənov müzakirələrdə fəal iştirak ediblər. Tədbirdən sonra şagirdlər yazıçı ilə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, bundan öncə yazıçı Bakı Modern Məktəbində və Siyəzən şəhər 1 saylı orta məktəbdə görüşlər keçirib.