Bu sahədə görülən işlər arxeoloji turizmin inkişafına da zəmin yaradır

Azərbaycan maddi-mədəniyyət abidələri ilə zəngin olan ölkədir. Antik tarixçilərin və coğrafiyaşünasların, səyyahların ölkəyə xüsusi maraq göstərmələrinin səbəblərindən biri də burada arxeoloji mədəniyyətin zəngin olması idi. Qədim yunan tarixçisi Böyük Plini Qafqazı çoxdilli ölkə adlandırır. O, «Təbiətin tarixi» adlı əsərində Qafqaz Albaniyasından söhbət açarkən bir çox toponimik adların ünvanını göstərir.

1829-cu ildə Rusiya İmperator Arxeologiya komitəsi arxeoloq A.Yanovskini araşdırmalar aparmaq üçün Azərbaycana ezam etdi. A.Yanovski ilk dəfə olaraq Şimali Azərbaycan ərazisində Böyük Plininin adlarını çəkdiyi toponimlərin tarixi coğrafiyasını dürüstləşdirməyə səy göstərdi. O, əldə etdiyi məlumatlara əsaslanaraq 1846-cı ildə «Qədim Qafqaz Albaniyası» adlı məqalə nəşr etdirdi. 1847-1849-cu illərdə qraf Vorontsovun göstərişi ilə məşhur şərqşünas V.N.Xanıkov «Müsəlman ruhanilərinin ali təriqətinin vəziyyəti haqqında layihə»ni hazırlayarkən Bərdə, Dərbənd, Naxçıvan ərazisində olan maddi mədəniyyət abidələri, 1862-ci ildə şərqşünas, səyyah A.Berje isə Muğan düzündəki yerüstü tarixi abidələr haqqında maraqlı məlumatlar verdilər.
Qeyd etmək lazımdır ki, XIX əsrin əvvəllərindən etibarən rus arxeoloqları ilə yanaşı, digər əcnəbi həvəskar arxeoloqlar da Azərbaycanın maddi mədəniyyətinə maraq göstərmişlər. Lakin sonuncuların apardıqları arxeoloji axtarışlar sistemsiz və qeyri-elmi xarakter daşımış və başlıca olaraq kommersiya məqsədi güdmüşdür. Onlar burada əldə etdikləri mədəniyyət abidələrini Avropanın ayrı-ayrı şəhərlərinə göndərmişlər. 1834-cü ildə fransalı səyyah Dübua de Monpere Şuşadan Tiflisə gedərkən yolüstü Helenendorfda (indiki Göygöl rayonu) dayanmış və ərazidə qazıntı işi aparmışdı. Aşkar etdiyi tuncdan hazırlanmış əşyaları və qara rəngli boyalı qabları Fransaya göndərmişdi.
Azərbaycanın qədim tarixinin arxeoloji baxımdan öyrənilməsi XIX əsrin 70-ci illərinə qədər sistemsiz şəkildə aparılmışdır. 70-ci illərdən etibarən Qafqazın, o cümlədən Azərbaycanın arxeoloji cəhətdən öyrənilməsində yeni mühüm addım atıldı. 1871-ci ilin oktyabrında Tiflis şəhərində Qafqaz Arxeoloji Komitəsi təsis edildi. 1872-ci ildə qurum Qafqaz Arxeologiya Həvəskarları Cəmiyyəti adlandırıldı. 1879-cu ildə rus həvəskar arxeoloqları İ.S.Polyakovun Naxçıvan ərazisində, N.O.Selosaninin qədim Bərdədə apardıqları qazıntı-axtarış işləri zamanı bir sıra maddi mədəniyyət abidələri aşkara çıxarıldı. Lakin nəticələr qeydə alınmadı. 1881-ci ildə cəmiyyətin qurultayı Qafqazın arxeoloji baxımdan tədqiq edilməsinin zəruri olduğunu qeyd etdi. Məhz bundan sonra Qafqazın, o cümlədən Azərbaycanın nisbətən sistemli şəkildə və Qafqaz arxeologiya cəmiyyətinin nəzarəti altında öyrənilməsi başlandı.
XIX əsrin 80-ci illərindən başlayaraq Azərbaycanın maddi mədəniyyət tarixinə arxeoloqların marağı daha da artdı. 80-90-cı illərdə Moskva Arxeoloji Cəmiyyətinin tapşırığı ilə cəmiyyətin üzvü A.A.İvanovski və Şuşa realnı məktəbinin alman dili müəllimi Emil Resler ölkəmizin qərbində qazıntı işləri apardılar. 1896-cı ildə onlar Gədəbəy və Qalakənd ərazisində 72 daş qutu qəbir aşkar etdilər. Oradan üzə çıxarılan çox qiymətli maddi mədəniyyət abidələri Moskva Dövlət Tarix Muzeyinə göndərildi. Bu nümunələri ilk dəfə elmi cəhətdən tədqiq edən A.A.İvanovski əldə etdiyi nəticələri «Qafqaz arxeologiyasının materialları» toplusunda çap etdirdiyi «Zaqafqaziya haqqında» hesabatında ümumiləşdirdi. Lakin A.A.İvanovskinin hesabatı Azərbaycanın maddi mədəniyyət tarixinin elmi baxımdan öyrənilməsində ilk addım olsa da, onun elmi-metodoloji səviyyəsi aşağı olmuşdur. Hesabatda tədqiq edilən abidələrin, aşkara çıxarılan qəbirlərin xəritələri tərtib edilməmişdir. 1896-cı ildə Yelizavetpol (Gəncə) əyalət xalq məktəbinin inspektoru A.Y.İoakimov Helenendorf ərazisinin müxtəlif yerlərində qazıntı işləri apardı və bir sıra qiymətli qəbir əşyaları üzə çıxardı. O, aşkar etdiyi qəbir əşyalarını və yerli əhalinin torpaq işləri zamanı üzə çıxardıqları maddi mədəniyyət abidələrini toplayıb sistemə saldı və onları Moskva Dövlət Tarix Muzeyinə göndərdi.
Qərbi Azərbaycanın arxeoloji abidələrinə maraq göstərən əcnəbilər arasında almaniyalı dağ mühəndisi B.Şults, aptek işçisi B.Rozendorf və onun qardaşı aşkar etdikləri maddi mədəniyyət abidələrini sənədləşdirmədən, onların nəfislərini Avropa muzeylərinə göndərmiş, «qiymətli» saymadıqlarını isə məhv etmişlər.
Fransalı arxeoloq Jak de Morqan 1886-1889-cu illərdə Qafqazda, o cümlədən Azərbaycan ərazisində və Şimali İranda son tunc və dəmir dövrünə dair bir sıra qazıntı işləri aparmışdır. Jak de Morqan 80-ci illərdə Talış bölgəsində 230-dan çox qəbir abidəsini tədqiq etdi. Burada tapılan maddi mədəniyyət yadigarları Azərbaycanın tunc və ilk dəmir dövrü tarixi inkişafı haqqında məlumat verir. O, üzə çıxardığı abidələrin ən nəfislərini Parisin Sen Jermen muzeyinə göndərdi. Bu materialları sonralar elmi baxımdan tədqiq edən Jak de Morqan belə bir konsepsiya irəli sürdü ki, Azərbaycan ərazisində ilk insanlar tunc dövründə, miqrasiya yolu ilə məskunlaşmışlar.
1920-ci ildə Azərbaycan Dövlət Tarix Muzeyi, 1923-cü ildə Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti («Azərbaycanı tədqiq edən və öyrənən cəmiyyət») və s. qurumlar təşkil edildi. Bu mərkəzlər, xüsusilə 1929-cu ilə qədər fəaliyyət göstərən Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti respublikamızın tarixini, o cümlədən qədim dövrə dair materialların toplanması, qeydə alınması, sistemə salınması və qismən dərc edilməsi sahəsində xeyli iş gördü. Cəmiyyət 1926-cı ilin yayında akademik İ.İ.Meşşaninovun, həmin ilin payızında isə A.A.Millerin rəhbərliyi altında ilk geniş arxeoloji ekspedisiyalar təşkil etdi.
Azərbaycan arxeologiya elminin ilk nümayəndələrindən biri olan Davud bəy Şərifov 20-ci illərin ortalarında Yaloylutəpə qədim yaşayış yerində apardığı qazıntı işləri zamanı yurdumuzun qədim mədəniyyətinə dair bir sıra qiymətli tapıntılar üzə çıxardı. Məhz bu ekspedisiyalarla ölkəmizin arxeoloji cəhətdən planlı və sistemli öyrənilməsinin təməli qoyuldu. Bu işdə 1923-cü ildə təşkil edilən Azərbaycan Arxeoloji Komitəsi mühüm rol oynamışdı. 1927-1928-ci illərdə respublikanın arxeoloji baxımdan öyrənilməsinin sahəsi daha da genişlənir. Bu illərdə Qafqaz Tarixi-Arxeoloji İnstitutunun iştirakı ilə təşkil edilən ekspedisiyalar nəticəsində Araz çayı boyu, Culfa şəhəri və onun yaxınlığındakı Xanağa kəndi (Noraşen), Xaraba-Gilan ərazisində ilk şəhər mədəniyyəti üzə çıxarıldı və öyrənildi.
20-ci illərin ortalarından başlayaraq İ.İ.Meşşaninov, A.A.Miller, T.S.Passek, B.A.Latınin və başqalarının yaxından iştirakı ilə Azərbaycanın müxtəlif zonalarında aparılan arxeoloji axtarışlar nəticəsində zəngin maddi mədəniyyət abidələri aşkar edildi. Azərbaycanın arxeoloji cəhətdən müntəzəm öyrənilməsində, bu illərdə yaradılan başqa elmi mərkəzlərlə yanaşı, 1927-ci ildə təşkil edilən Azərbaycanın Tarix, İncəsənət və Təbiət Abidələrini Qoruyan Komitə mühüm rol oynamışdır.
30-cu illərin ortalarında Azərbaycanın arxeoloji, etnoqrafik, dilçilik, numizmatik, memarlıq və incəsənət tarixi baxımından öyrənilməsi sahəsi də xeyli genişləndi. Bu illərdə 80-dən çox elmi ekspedisiya təşkil edildi. Elmi axtarışlar zamanı 60-a qədər yeni abidə aşkar edildi. Aparılan tədqiqat işlərinin nəticələri bu dövrdə nəşr edilməyə başlayan «Azərbaycan tarixinə dair mənbələrin icmalı» adlı topluda çap edilirdi.
İkinci Dünya müharibəsindən sonra Azərbaycanın arxeoloji baxımdan öyrənilməsinin coğrafi ərazisi xeyli genişləndi. 1945-ci ildə təsis edilən Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutu Azərbaycanın arxeoloji cəhətdən tədqiq edilməsi işini bərpa edib, onu daha da canlandırdı. Bununla da respublikanın kompleks arxeoloji tədqiqi başlandı. Mingəçevir SES-nin tikintisi ilə əlaqədar Kür çayı sahilində aparılan arxeoloji tədqiqatlar bu qədim diyarın bir sıra mühüm tarixi sirlərinin aşkar edilməsinə imkan verdi.
Hazırda Azərbaycanda arxeoloji və memarlıq abidələrinin öyrənilməsi inkişaf etməkdədir. Turizmin yeni sahəsi olan arxeoloji turizm bu istiqamətdə önəm kəsb edir. Buna dair xeyli sayda layihələr hazırlanıb həyata keçirilir. Bu layihələrin gerçəkləşməsi ilk növbədə iqtisadiyyatımıza xeyli gəlir gətirəcək və arxeologiya elminin iqtisadiyyata tətbiqi imkanlarını artıracaq. İkincisi, turist marağına səbəb olacaq arxeoloji abidələrimiz dünyada tanınacaq və bu da Azərbaycan xalqının qədim maddi mədəniyyətə malik bir xalq olmasını təsdiqləyəcək. Üçüncüsü, arxeoloji-tarixi və memarlıq abidələrimizin bir çoxu məhv olmaq təhlükəsindən qurtaracaq və turizm əhəmiyyətli status alacaq. Dördüncüsü, elektron xəritə vasitəsilə müxtəlif turist marşrutları ilə maraqlanan və qədim abidələrə maraq göstərən yeni turist potensialı yaranacaq.

Səbinə Hüseynova,
Azərbaycan Turizm İnstitutunun magistri