Söz yaradanın insana lütfü, bəlkə də ən böyük hədiyyəsidir. İnsan idrakının, hiss və həyəcanlarının, iç dünyasının ən lətif, ən şəffaf və ən mütləq ifadəsi olan söz həm də bizi birləşdirən dəyərdir. Elə soyuq qış gecəsi yüzlərlə sənətsevəri Opera və Balet Teatrına toplayan da sözün lətafəti, ədəbiyyatın, poeziyanın, şeirin sehri idi. Qaynar ilhamın məhsulu olan poeziya adamlarının, söz sərraflarının toplandığı məclis də elə sözün, sənətin vurğunu olan Pünhan İsmayıllıya həsr olunmuşdu. Gecəyə toplaşanlar şair, bədii qiraət ustası, özünün dediyi kimi, sadəcə, sözün dəlisi Pünhan İsmayıllının yaradıcılıq gecəsinə, tapındığı sözün işığına yığışmışdılar. Qonaqlar arasında Azərbaycanın xalq şairləri, sözü söz dəyərində saxlayan Zəlimxan Yaqub, təbiət vurğunu olub poeziyasında bu neməti hər zaman yüksəkdə tutan Musa Yaqub, görkəmli el sənətkarı, əməkdar mədəniyyət işçisi Aşıq Əhliman kimi sevilən simalar da var idi. P.İsmayıllının sözə vurğun insan olduğunu, sözlə qidalandığını deyən Zəlimxan Yaqub dağların yetişdirib, təbiətin ilhamlandırdığı Pünhan səsinin, Pünhan avazının qəlblərdə özünə ayrıca yer tutduğunu dedi. Sözü müqəddəs tutan belə fədailərə hər zaman ehtiyac olduğunu da özünəməxsus ifadə axıcılığı ilə izah edən şair Pünhanın səsində deyilən şeirlərin qəlbləri riqqətə gətirdiyini, qanları coşdurduğunu vurğuladı. Musa Yaqub İsmayıllı torpağında doğulub boya-başa çatan P.İsmayıllının səsindən bulaq zümzümələri, təbiət-insan ülfəti duyulduğunu və elə bu səbədən də sevildiyini, arzu olunduğunu diqqətə çatdırdı. Tamaşaçılar bu ilahi ünsiyyətin mənasını sinəsi sözlə dolu səbəbkarın özündən eşitdilər. Şeirə, sənətə bağlılığından, Azərbaycan poeziyasının söz sərraflarına sonsuz sevgisindən və tədiətin ona bəxş etdiyi insanlıq aşiqliyindən danışan P.İsmayıllı tamaşaçılara poeziya, musiqi dolu axıcı bir gecə vəd etdi. Elə də oldu. Səhnəni növbə ilə paylaşan sənətçilər - xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər - Aşıq Zülfiyyə, Gülyaz və Gülyanaq Məmmədovalar, Nüşabə Ələsgərli, müğənni Könül Kərimova, muğam müsabiqəsi iştirakçıları və başqa incəsənət ustaları tamaşaçılara xoş anlar yaşatdılar. “Mədəniyyət"