Xəbər verdiyimiz kimi, dekabrın 9-dan 14-dək Bakıda Mstislav Rostropoviç adına II Beynəlxalq Musiqi Festivalı keçirilir. Dünyanın bir çox tanınmış musiqiçisinin qatıldığı festivalı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Rostropoviç Fondu təşkil edib. İlin musiqi hadisəsinə çevrilən festivalın təntənəli açılış mərasimi dekabrın 9-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında oldu. Festivalı Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç açaraq musiqi həyatımızda baş verən bu əhəmiyyətli mədəni hadisə münasibətilə musiqisevərləri təbrik etdilər. Görkəmli maestronun qızı Olqa Rostropoviç musiqi bayramının açılışına gəlmiş bakılılara müraciətlə təəssüratlarını bölüşdü: «Atam Bakını çox sevirdi. O, bu şəhərdə doğulmuş, uşaqlıq illərini burada keçirmişdi. Atam dünyanı gəzib-dolaşırdı, özünü dünyanın vətəndaşı hesab edirdi, amma tez-tez “Mən harada olsam, hara getsəm də həmişə Bakıya qayıdacağam” deməyi xoşlayırdı. Çox istəyirdi ki, bu festival məhz burada - onun vətənində keçirilsin». Atasının arzusunun gerçəkləşməsindən məmnunluq ifadə edən Olqa xanım ənənə halını almış bu tədbirin həmişə hərarətlə qarşılanmasına görə təşəkkürlərini bildirdi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə dünya musiqi xəzinəsində əvəzsiz yeri olan həmyerlimizin şərəfinə təşkil olunan festivalın bu dəfə də ABŞ, Rusiya, Fransa, İtaliya və Macarıstan kimi ölkələrdən gəlmiş musiqiçilərin ifaları ilə yadda qalacağına əminlik ifadə etdi: «Dünya vətəndaşı, böyük ustad, dahi sənətkar M.Rostropoviçə həsr olunmuş festivalın məhz Bakıda təşkili hər birimizi çox sevindirir. Festival Heydər Əliyev Fondu tərəfindən təşkil edilmişdir. Festivalın yüksək səviyyədə keçirilməsi üçün fondun prezidenti Mehriban xanım Əliyeva çox iş görmüşdür». Təntənəli gecə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə başlandı. Orkestrin bədii rəhbəri və baş dirijoru Rauf Abdullayevdir. Əsərin fortepiano partiyasını Murad Adıgözəlzadə ifa edirdi. Festival çərçivəsində musiqisevərlər dekabrın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Moskva solistləri” kamera orkestrinin konsertinə də tamaşa etmək imkanı qazandılar. Orkestrə bu dəfə də kollektivin bədii rəhbəri, SSRİ xalq artisti, dövlət mükafatları laureatı Yuri Başmet dirijorluq edirdi. Konsertin fortepiano partiyasını Aleksandr Melnikov ifa etdi. Konsertdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Humanitar Siyasət Şöbəsinin müdiri Fatma Abdullazadə, festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Rusiyanın ölkəmizdəki səfiri Vasili İstratov da iştirak edirdilər. Festival günlərində növbəti konsert dekabrın 11-də (gündüz) Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında oldu. Bədii rəhbər və dirijor Teymur Göyçayevin idarəsi ilə çıxış edən Dövlət Gənclər Simfonik Orkestrinin rəngarəng konsert proqramı tamaşaçıların marağına səbəb oldu. doğma torpaqda yenidən Ü.Hacıbəyov, Q.Qarayev F.Əmirovun kimi görkəmli bəstəkarlarımızın əsərləri səsləndirildi. Konsertöncəsi çıxış edən festivalın bədii rəhbəri, Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç bu konsertin onun üçün çox mühüm olduğunu bildirdi: «Bugünkü konsert mənim üçün çox önəmlidir. Atam haqqında bir neçə kəlmə demək istərdim. O, genişürəkli insan idi, həmişə həyatı yaxşılığa doğru dəyişməyə çalışır, istedadlı gənclərə hamilik edirdi. Mən bugünkü konsertə atamın adına təsis edilmiş təqaüdü alanları dəvət etməyi qərara almışam. Atamla onların hər birini xüsusi münasibətlər bağlayırdı. Bu konsert atam qarşısında mənim şəxsi hesabatımdır. Onun başladığı iş ləyaqətlə davam etdirilir və o, bizimlə fəxr edə bilər». Konsertdə Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzinin solistləri də çıxış etdilər. Festival bir gün - dekabrın 12-si Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edildi. Bu münasibətlə Heydər Əliyev Sarayında Cüzeppe Verdi Milano orkestri və xorunun ifasında dünyaşöhrətli Cüzeppe Verdinin “Rekviyem” əsəri səsləndirildi. Bundan başqa, sarayda Mstislav Rostropoviçin həyat və yaradıcılığına həsr olunan sərgi də açıldı. Musiqi tədbiri çərçivəsində bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (saat 14.00) M.L.Rostropoviç Fondu təqaüdçülərinin və Prezident təqaüdçülərinin iştirakı ilə konsert olacaq. Elə həmin gün (saat 19.00) Heydər Əliyev Sarayında Opera-Qala “Opera ulduzları”nın iştirakı ilə növbəti tədbir keçiriləcək. Dekabrın 14-də isə Azərbaycan Dövlət Filarmoniyasında II Beynəlxalq Rostropoviç Festivalının təntənəli bağlanış mərasimi olacaq. Bu münasibətlə klassik musiqi həvəskarları Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Maksim Vengerov, solist Rey Çen) konsertini dinləmək imkanı qazanacaqlar. Həmidə