İyunun 5-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə V Şairlər Gününə həsr edilmiş tədbir keçirilib.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar əlamətdar günün böyük şair Mikayıl Müşfiqin və Xalq şairi Vaqif Səmədoğlunun doğum günündə keçirildiyini diqqətə çatdırıb, budəfəki mərasimin şairə Nurəngiz Günün xatirəsinə həsr edildiyini vurğulayıb.
Tədbirdə Nurəngiz Günə həsr edilmiş film nümayiş etdirilib.
AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza bu tədbirin Azərbaycanda artıq 5 ildir keçirildiyini və mərasimə 10-dək ölkədən incəsənət, mədəniyyət xadimlərinin, tanınmış şairlərin qatıldığını bildirib.
Ölkəmizin və qardaş xalqlar ədəbiyyatının təmsilçiləri olan şairlər həyata, dünyaya və insana məhəbbət hissindən yaranmış şeirlərini oxuyublar. Xarici ölkələri təmsil edən şairlərə “Mikayıl Müşfiq” diplomu və Nurəngiz Günün “Qalanlara” kitabı hədiyyə edilib. Hədiyyə alanlar içərisində Ukraynanın tanınmış radioaparıcısı Konstantin Doroşenko, Gürcüstan yazıçısı Givi Alxazişvili, Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, Moskvada yaşayan azərbaycanlı şairə Nilufər Şıxlı və başqaları da vardı. Bir neçə azərbaycanlı qələm sahibinə də “Mikayıl Müşfiq” mükafatı təqdim olunub.
Sonda incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.