Böyük epoxanın son Sözü - Mirvarid Dilbazi

Onun yaradıcılığı mirvari dənələri kimidir - şəffaf, zərif, xoşagələn... Hansısa bir şeirini ürəyinə taxıb günlərlə, illərlə, hətta, bir ömür zümzümə edə bilərsən.

İnci, mirvari deyil, əməkdir mənim adım,
Həyatımda bir gün də əməksiz yaşamadım.


Sadə, amma əslində gerçək fəlsəfə. Mirvarid Dilbazi bir ömür şeir yazdı, amma heç vaxt buludların üstündən uçmadı, heç vaxt ucadan danışmadı, heç vaxt torpaqdan qopmadı. Əksinə, torpağa sığındı, insanın torpaqdan yarandığını, torpaqdan cücərdiyini unutmadı. Həyatda da torpaq kimi sadə, torpaq kimi təvazökar, torpaq qədər mərhəmətli oldu. Hərdən dənizə də oxşadı, coşub-daşdı, qəlbinin dupduru sularından, yosunların arasından ona lazım olanı - söz mirvarisini tapıb üzə çıxardı. Mirvarid Dilbazi bir ömür söz axtardı, bir ömür sözün pərvanəsi oldu. Od tutub yandığı vaxtlar da oldu, üşüdüyü zamanlar da...
Tənqidçi-publisist Südabə Ağabalayevanın yüksək zövq və sənətkarlıqla qələmə aldığı “Zamanla üz-üzə” kitabı Xalq şairinin ömür yolunun xəritəsidir. Eynən insanın su üzərindəki əksi kimi...
Kitab “Həyat elə bir yazıdır...” fəlsəfəsi ilə açılır. Sonra Mirvarid Dilbazinin “Portret cizgilər”i - uzun, incə, sirli bir Yol... cızılır.
Sirr demişkən, Südabə Ağabalayeva kitabın ilk səhifələrində “Heç bir insanın sirri yoxdu, hər insan təpədən-dırnağa sirdir...” axtarışı ilə “Mənim ürəyimin qırx qapısı var” - deyən poeziyamızın zərif bənövşəsinin ürəyinin qapılarını döyür. Adətən sirlər otuz doqquzuncu qapının o üzündə gizlənir. Mirvarid Dilbazinin ürəyinin hər qapısının arxasında Söz adlı sirr boylanır. Söz ömrü yaşayan Mirvarid Dilbazinin bu dünyada yeganə sirri də elə sonadək Söz oldu...
Çünki o, sözə gələnə kimi nəsil şəcərəsində zaman-zaman işıqlı insanlar, işıqlı arzular boy vermişdi. Nəsildən-nəslə keçən nəcib kod yaddaşı zaman-zaman cilalanıb gün işığına çıxmaq üçün fürsət gözləmişdi.
“Şöhrətli nəsildə, əsilzadə soyadda doğulmuşdu. Amma bu şöhrətin kölgəsində xumarlanmaq, ürəkdolusu barınmaq nəsibi olmamışdı”. Südabə xanım bu gerçəklikləri xatırladaraq Mirvarid Dilbazi xatirəsinə birbaşa keçid edir. “Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır; həm acı, həm şirin...”
Müəllif oxucunu zamanın küləklərində məşhur Dilbazilər nəslinin uzaq tarixinə səyahətə aparır. “...Dilbazoğulları - Dilbazilərin... bəyliyi Səfəvi şahlarının zamanına gedib çıxır...” Bu şanlı nəslin zamanın dönəmlərindən ləyaqət və mərdliklə çıxdığını tarixi faktlarla qələmə alır.
XX əsr Dilbazoğullar şəcərəsinin ağır illəri kimi yadda qalır. Sovet imperiyasının caynaqları ucqarlara qədər uzanır. “Siyasətin acı küləkləri bu yerlərdə də əsirdi. Mustafa ağanın iki oğlu yeni quruluşla barışmayıb, Türkiyəyə keçdi, evlərini də məktəb binasına çevirdilər...”
30-cu illərdə ailə Qazaxıstana sürgün edilir. Sürgündən qayıtmaq bircə Sayalı xanıma - Mirvarid xanımın nənəsinə nəsib oldu...”
O illərin izi şairənin yaddaşında naxış saldı, illər, fəsillər, küləklər, yağışlar belə qürbətdəki doğmalarını ona unutdura bilmədi. Südabə Ağabalayeva haqlı olaraq yazır: “Mirvarid xanım heç vaxt qürbətdə yaşamadı, amma Mirvarid xanımda həmişə bir qürbət yaşadı”.
Mirvarid xanım bu nəslin Məmmədkərim ağa qolundan Paşa ağanın qızıdır. Anası Cavahir Daşsalahlıdan Mustafa ağa Vəli ağa oğlu Miralayevin qızıdır.
Onun həyatındakı itkilər çox erkən yaşlarından başladı. Atası Paşa ağanı 38 yaşında qətlə yetirdilər. Sonra doğmalarını, doğulduğu imarəti, var-dövləti itirdi. Zərif bir qızın zamanla üz-üzə qovğası o vaxtdan başladı.
Zamansa sındırmağı, budamağı, qırmağı sevir, gördüyü bütün haqsızlıqların, yamanlıqların müqabilində Mirvarid qorxmadı, sınmadı, geri çəkilmədi, vaxtla üz-üzə dayandı. Bu amansız mübarizə bir ömür davam etdi...
Südabə Ağabalayeva inadla, canıyananlıqla, sevgiylə Xalq şairinin ömür kitabını vərəqləyir, daxili dünyasının zərif qatlarını, yaşantılarının ağrı-acısını, nigarançılığının köklərini, arzularının sonsuzluğunu mirvari dənələri kimi ipə-sapa düzür.
Bütün bu yaşantılar, çırpıntılar, olanlar və olacaqlar sonda bir şair taleyində bütövləşir. “Nağıldan gerçəyə” Mirvarid Dilbazinin arzularının çiçək açdığı illərdən bəhs edir.
“İyirminci illərdə isə Paşa ağanın qızları Nəriman Nərimanovun təşəbbüsü ilə açılmış Bakı Qızlar Seminariyasında - Mehdi ağa Vəkilovun qızı Mədinə xanım Qiyasbəyova-Vəkilovanın təklifi və qayğısı ilə təhsil aldılar. Seminariyanı qızıl medalla bitirib müəllimliyə başladılar...”
“Qadınların hürriyyəti” adlı şeiri ilə ədəbiyyata qədəm qoyan Mirvarid Dilbazi özü də hiss etmədən ədəbiyyatımızın ana obrazına çevrildi. Həyat düsturu təxminən belə oldu: əsilzadə kimi doğuldu, yoxsulluğu daddı, ayaq üstündə durmağı bacardı, zərif sevgi yaşadı, ayrılıqlara alışdı, bütün bunların içində bağlandığı və əbədi könül verdiyi Söz oldu.

Şeirim qəlbinizə yol tapa bilsə,
Heç vaxt əyə bilməz bir kədər məni.


- deyən şairə 40 kitabı ilə oxucunun görüşünə gəldi. Hər dəfə də yeni söz, yeni nəfəs, yeni arzu, yeni diləklə.
Allahın nəzəri, özünün nəcabəti, səmimiyyəti, həyat tərzi, zəhməti, istedadı, sevgisiylə xalqın istəyini qazandı. Xalqla arasında olan səmimiyyətə uzun ömründə kölgə düşmədi. Bu, çox az insana nəsib olan xoşbəxtlik idi, Mirvarid Dilbazi bunu bacardı.

Odum-ocağım, ana qucağım,
Qalsam həyatım, ölsəm torpağım - Azərbaycanım!


Ömrünün son illərində daha bir kitabı işıq üzü gördü. “Mirvarid xanım ömür hekayətini məhz “Bənövşələr üstə göz yaşları” xatirə kitabına etibar etmişdi”. Nə vaxtsa fürsət tapıb oxucusuna deyə bilmədiklərini bu kitabda dedi.
Arı şan hörən kimi “Zamanla üz-üzə” kitabı da iç-içə üç bölmədə hörülüb. “Həyat elə bir yazıdır” ədibin həyat və yaradıcılığını, “Mirvarid Dilbazinin yaradıcılığı ədəbi tənqiddə” bölümü Xalq şairinin yaradıcılığına baxışı, üçüncü bölüm isə “Xatirələr”i əhatə edir.
Kitabda ilk dəfə olaraq vaxtilə şairəyə ünvanlanmış məktublar, eləcə də onun özünün doğmalarına, həmkarlarına yazdığı məktublar, bu günə qədər çap olunmamış bayatıları da yer alıb.
Ən uzun bənövşə ömrünü Mirvarid xanım yaşadı. 89 il... Heç vaxt başqasına bənzəmədi, heç vaxt başqasına baş əymədi, onsuz da onun obrazında bənövşəyə məxsus bir boynubüküklük vardı, ömrünün ahıl çağında Qarabağ dərdi bütün dərdlərini üstələdi. Qarabağ nisgili ilə dünyasını dəyişdi.

Ürəyimdə bir dünyanın qəmi var,
Yaralıdır mənim odlar diyarım.


“Zamanla üz-üzə gəldiyi bu anlarda Mirvarid Dilbazini son mənzilə aparan izdiham, əslində, Yasamal məzarlığına yox, Böyük tarixə doğru yol almışdı”.

Yaşıl yarpaq sabah sarı xəzəldi,
Fani dünya niyə belə gözəldi?


Mirvarid xanım qəlbinin bütün gözəlliklərini xalqına miras qoyub getdi. “Təhsil” nəşriyyatında işıq üzü görən “Zamanla üz-üzə” kitabı da uzun illər Xalq şairinin şəxsiyyətinin və sənətinin ən etibarlı qaynaqlarından biri olacaq.

Təranə Vahid