Azərbaycanın üçüncü dəfə təmsil olunacağı “Eurovision” mahnı müsabiqəsinə az vaxt qalıb. Hər bir ölkə üçün musiqi mədəniyyətinin təbliği, eyni zamanda, bir nüfuz yarışması sayılan və bununla da Avropanın diqqət mərkəzində olan “Eurovision” müsabiqəsinə Azərbaycan təmsilçisi Səfurə Əlizadə “Drip drop” mahnısı ilə qatılacaq. Mahnının sözləri və bəstəsi əcnəbi bəstəkarlar Stefan Örn və Sandra Bjurmana məxsusdur. Onu da qeyd edək ki, xarici bəstəkarların musiqiyə milli elementlər, ney alətini əlavə etməsi bəzi bəstəkarlarımız tərəfindən birmənalı qarşılanmayıb. Bununla bağlı bir neçə bəstəkarla əlaqə saxladıq:
   
   Eldar Mansurov (Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi):
   - Mahnı əcnəbi bəstəkara sifariş olunub və o da öz Amerika üslubuna uyğun musiqi bəstələyib. “Drip drop”u mən də dinləmişəm. Mənə belə gəlir ki, amerikalı bəstəkarın yazdığı musiqidə əgər neyin yeri varsa, doğrudan da bu, gözəl alınacaq. Təşəbbüs özü yaxşıdır. Dünyanın bir çox yerlərində belə sintezlər edirlər. Ümumiyyətlə, bütün dünyada, Avropa, Amerika sayağı musiqilərdə Şərq aləminin musiqi alətlərindən istifadə olunur. Yəni bu bir ekzotika şəklini alır, yaxud hansısa bir xalqa mənsub olduqlarını bununla bildirmək istəyirlər. Amma bir məsələ də var ki, avropalıya bizim paltarı geyindirməklə o nə bizimki olacaq, nə də biz onların geyimini geyinməklə avropalı olacağıq. Hər bir halda uğurlar arzu edirəm, çünki hər şey Azərbaycanın naminədir. Necə deyərlər, ölkəmiz özünü hər yerdə göstərməli, adı hər yerdə çəkilməlidir. Mən bunun tərəfdarıyam.
   
   Faiq Sücəddinov (Xalq artisti):
   - Münsiflər heyətinin seçiminə və mahnıya manasibətim çox yaxşıdır. Səfura Əlizadə istedadlı gəncdir. Təbii ki, mən də hamımız kimi üçlüyə düşməyimizi gözləyirəm. Bəstəkarın xarici, yaxud özümüzünkü olması bir o qədər də mühüm əhəmiyyət kəsb etmir. Əsas olan nəticədir. Xarici bəstəkar musiqini yazanda təbii ki, milliliyə də fikir verir, bəstələməmişdən öncə həmin bəstəkarlar musiqi folklorumuzla da tanış olub. Kortəbii yazılmayıb, ona görə də mən inanıram ki, millilik elementləri kifayət qədər mahnıda özünü doğruldacaq.
   
   Tahir Əkbər (bəstəkar):
   - Azərbaycanda bu qədər görməkli bəstəkarlarımız olduğu halda biz niyə görə xarici bəstəkara müraciət etməliyik? Bəstəkarlar İttifaqında öz etirazımızı buna bildirmişik. Münsiflər heyətində bir nəfər də olsun bəstəkar bizi təmsil eləmirdi. Bu çox acınacaqlı faktdı. Necə olur ki, heyətdə bir peşəkar bəstəkar olmur. Ona görə də bu mahnıdan xəbərimiz olmadığından bu məsuliyyəti biz də kənara atdıq. Ney əlavə etməklə deyil, musiqinin tərkibində müasirliklə bərabər millilik olmalıdır. Ruslananın musiqisində rokla yanaşı, Ukraynanın çox gözəl milli ritmlərinin vəhdəti var idi. Bu peşəkar şəkildə təmsil olunmuşdu. Niyə görə biz əcnəbi üçün ekzotika olmalıyıq? Məgər öz bəstəkarlarımız yoxdu? Bizim musiqi muğam, aşıq musiqisi üstündə köklənib. Azərbaycan SSRİ məkanında ən birinci caz musiqisində aparıcı rol oynayıb. Biz azərbaycanlılar dünyada tanınan musiqi əsərləri yaza biliriksə, demək, “Eurovision” üçün mahnıya da gücümüz çatacaq.
   
   Nadir Əzimov (bəstəkar):
   - Mənim buna şəxsi münasibətim mənfidir. Əvvəla, bizim bir çox istedadlı bəstəkarlarımız olduğu halda niyə xarici bəstəkar musiqi yazmalıdır. Bu yaxında Bəstəkarlar İttifaqında geniş iclas da keçirilib və peşəkar bəstəkarlarımız öz narazı münasibətlərini bildiriblər. Bizim belə bir qərarımız oldu ki, növbəti dəfə belə hallar baş verməsin deyə, mütləq ittifaqdan da nümayəndə olmalıdır. Çünki bu barədə bizə heç bir müraciət olunmayıb.  

  Yeganə