Yazıçılar Birliyinin Natəvan klubunda istedadlı şairə Xatirə Rəhimbəylinin “Bir sözüm var ürəyimdə” adlı şeirlər kitabının təqdimatı keçirildi. Tədbiri birliyin katibi Rəşad Məcid açaraq müəllifin şeirlərinin fitri istedadla qələmə alındığından, öz dəst-xətti ilə seçilməsindən danışdı.
Tədbirin aparıcısı şairə Fərqanə Mehdiyeva da kitabla bağlı fikirlərini bölüşdü.
Xatirə Rəhimbəylinin şeirlərinə mahnı bəstələmiş bəstəkar Tahir Əkbər bu şeirlərin içindəki musiqidən, sözlərin dərinliyindən danışdı.
Şair Faiq Balabəyli, Kəmaləddin Qədim, İlham Qəhrəman, kitabın ön söz müəllifi, jurnalist Əlisəfa Mehdiyev, şair Oqtay Rza, filologiya üzrə fəlsəfə doktoru Elçin Muradxanlı və digər çıxış edənlər müəllifin şeirlərinin gözəlliyindən, vətənpərvərlik ruhundan bəhs edərək, onların həyəcanla oxunduğunu, oxucu qəlbinə təsir etdiyini vurğuladılar.
Tədbirdə Xatirə xanımın yaxınları, tələbə yoldaşları, çalışdığı məktəbin müəllim kollektivi, direktor Şaiqə Hüseynova və onu sevən oxucuları iştirak etdilər. Sonda müəllif xanım çıxış edərək Yazıçılar Birliyinin rəhbərliyinə, kitabın ərsəyə gəlməsində xüsusi dəstəyi olan şair, professor Elçin İsgəndərzadəyə və tədbir iştirakçılarına minnətdarlığını bildirdi, şeirlərini oxudu.

Mina Rəşid