Solo
   
   Oxu, dostum, oxu! Amma nə?
   

   Artıq neçə aydır ki, «Lider» telekanalında bir proqram yayımlanır. Yəqin ki hər kəs heç olmasa, həmin verilişə bir dəfə tamaşa edib. Çünki veriliş həftəiçi hər gün, üstəlik, televiziyaçıların dili ilə desək, «praym-taym» saatlarda, yəni xəbərlərin əsas axşam buraxılışından sonra göstərilir. Söhbət bəstəkar-müğənni Rəhim Rəhimlinin apardığı «Oxu, dostum» proqramından gedir. 
   Əslində bu proqram maraqlı layihədir. Yəni Azərbaycan ifaçılıq məktəbinə maraq göstərənlər, bir də sinəsinə döyüb mən də «bizim mahnıları az bilmirəm» deyənlər üçün yaxşı sınaq meydanıdır. Sadəcə, proqramı bir neçə dəfə ardıcıl izləmək kifayətdir ki, kimin hansı mahnıları nə qədər bilməyi, verilən tapşırığa çevik reaksiya göstərmək qabiliyyəti məlum olsun. Bəziləri etiraz edib deyə bilərlər ki, bu proqramda peşəkar musiqiçilər, müğənnilər yox, adi musiqisevərlər iştirak etsəydi, daha maraqlı olardı. Razıyıq. Amma o da var ki, bizim müğənniləri və müğənnicikləri bu proqramda görmək heç də maraqsız deyil. Məsələn, döşünə döyüb «mən ulduzam» deyənlər «Oxu, dostum»a gələndə məlum olur ki, onların 10-15 il əvvəl əsl müğənnilər üçün bəstələnmiş mahnılardan heç xəbəri yoxmuş! Ya da ki, «toy oxuyanı» yarlığından inciyənlər bu proqramda «Sevgili canan» romansının nəinki sözlərini çaş-baş salaraq, həm də «Yar yaman aldatdı məni» ritmində oxuyaraq əsl «sənət» istiqamətlərini bir daha nümayiş etdirirlər. Biz hələ studiya yazılışları hesabına özlərini müğənnilərin cərgəsinə qatan, amma canlı ifa edən komanda yoldaşları arasında səsi çıxmayanları demirik!
   Uzun sözün qısası, kim özünə müğənni deyirsə, biz də ona deyirik: «Oxu, dostum»! Qoy biz də sənin sənət «hünər»inin miqyasını bilək!
   
   
   Musiqili teatr, simalar
   
   Petipa: kiçik addım və böyük isim
  
 
   XIX əsrin ikinci yarısından rus baletinin dünya şöhrəti azalmaq bilmir. Nəzərə alsaq ki Azərbaycan balet sənəti də məhz rus balet sənəti və məktəbinin ənənələri əsasında formalaşıb, o zaman rus baleti barədə müəyyən qədər məlumatlanmaq yerinə düşər. 
   Rus baletinin ən şərəfli səhifələrinə baletmeyster Marius Petipanın adı qızıl hərflərlə yazılıb. Dünya incəsənətinin nadir təzahürü - özünəməxsus estetik siması olan rus klassik rəqs məktəbinin formalaşması məhz onun adı ilə bağlıdır.
   1847-ci ildə, 29 yaşında Rusiyaya gələn və ömrünün qalan 63 ilini rus baletinin inkişafına həsr edən fransız əsilli Petipa bu ölkəni «ikinci vətən» adlandırırdı. Onun verdiyi quruluşlar öz məzmunluğu, xoreoqrafik əsərlərin harmonik gözəlliyi ilə indi də tamaşaçını valeh edir.
   Petipanın yaradıcılığı mürəkkəb və ziddiyyətlidir. «İmperator həzrətlərinin solisti, imperator teatrlarının baletmeysteri» olan Marius Petipa bir tərəfdən sarayın zövqünü oxşamağa, digər tərəfdən də ünsiyyət saxladığı görkəmli rus incəsənət xadimlərinin öncül ideya - estetik baxışlarının təsirini öz sənətində canlandırmağa çalışırdı. Dərin aktual fikir, mühüm ictimai-fəlsəfi problem Petipanın baletlərindəki alleqorik və fantastik süjetin içində belə duyulur. Bu balet tamaşalarında özünü qurban verməyə hazır olmaq hissi tərənnüm olunur, xeyir və işıq qalib gəlir, şər qüvvələrin insanlara gətirdiyi təhlükə barədə xəbərdarlıq edilir.
   P.İ.Çaykovskinin «Sonalar gölü» və «Yatmış gözəl», A.K.Qlazunovun «Raymonda» baletləri üzərində çalışarkən müəlliflərin hər ikisi Marius Petipanın bilik və təcrübəsini yüksək qiymətləndirirdi.
   Dahiyanə partituralara novator münasibət bəsləyən Petipanın yaradıcılıq axtarışları nəticəsində solo partiyaları, rəqs ansamblları, dəqiq dramaturgiyalı kütləvi epizodlar baxımından mükəmməl çoxpərdəli balet tamaşasının forması yarandı.
   Petipa uzun ömrü boyu (1818-1910) altmışdan çox orijinal xoreoqrafik tamaşa yaratmışdı, onlarla opera tamaşasında ayrı-ayrı rəqs səhnə və epizodlarına quruluş vermişdi.
   Həm böyük istedad, həm də sonsuz zəhmətsevərliyi ilə rus baletini dünyaya çıxaran Marius Petipanın soyadı fransız dilindən tərcümədə «kiçik addım» deməkdir. Tam rəqs sənətinə yaraşan bu soyadı daşıyan dahi baletmeysterin vəfatından bir əsr keçsə də, balet barəsində anlayışı olan hər kəs bu soyadın çox böyük incəsənət xadiminə məxsusluğundan xəbərdardır. 
   
    
   Lüğətcə
   
   Balaban
   
   Balabanın bir musiqi aləti kimi formalaşması təxminən 4-5 min il əvvəl baş verib. O, peşəkar alət kimi uzun illərdir ki musiqi texnikumlarında, son illər isə Azərbaycan Milli Konservatoriyasında tədris olunur. 
   Balaban 1931-ci ildə Xalq Çalğı Alətləri Orkestri yarandığı gündən onun tərkibinə daxil edilib və aparıcı alət hesab olunur.
   Balaban sözü iki türk sözündən, «bala» və «ban» sözlərinin birləşməsindən əmələ gəlib. «Bala» - kiçik, zərif, həzin və s. mənalarını bildirir. «Ban» isə dilimizin arxaik sözlərindən olub səs, ün mənasını daşıyır. Yəni balaban sözünün mənası «həzin səsli» alət kimi açılır.
   Balaban diatonik səsdüzümlüdür, lakin xromatik (diyezli, bemollu) səsləri də ifa etmək mümkündür. Alətin diapazonu kiçik oktavanın sol səsindən II oktavanın re səsinə qədərdir.
   Səslənməsinə və ölçüsünə görə balabanın müxtəlif növləri var: aşıq balabanı, orkestr balabanı, pikkolo (cürə) balaban, bəm balaban, tenor balaban, alt balaban və s.
   
   Mənbə: Abbasqulu Nəcəfzadənin «Çalğı alətlərimiz» kitabı    
 

   Frederik Şopen - 200
   
   Gecələrin həzin melodiyası 
   

   Bu il bütün dünyanın musiqi ictimaiyyəti dahi bəstəkar Frederik Şopenin 200 illik yubileyini qeyd edir. Azərbaycanda da Şopenin dahiyanə musiqisindən ibarət ən müxtəlif konsertlər keçirilir. «Variasiyalar»da bu yubiley ilində dahi bəstəkarın xatirəsinə silsilə yazılar da yer alacaq. 
   Dünya musiqi sənətində fortepiano musiqisinin şevedrlərini yaratmış Şopen, eyni zamanda, yalnız bu alət üçün nəzərdə tutulan noktürn janrında gözəl sənət nümunələri bəstələyib. Şopenin hətta on beş yaşında ikən yazdığı ilk noktürnlərdə janrın fərqli cəhətləri duyulurdu.
   Romantik fortepiano lirikasının bu növü, hərfi mənada «gecə pyesi» adlanan noktrün Şopenin çox sevdiyi musiqi janrı idi.
   Hələ Şopenədək ləng templi birhissəli lirik pyeslərin ilk məşhur nümunələrini XIX əsrin əvvəllərində İrlandiya bəstəkarı Con Fild yaratmışdı. Lakin Şopenin noktürnləri tamam fərqli bədii istiqamət idi.
   Şopenin noktürnlərini lirik məzmunlu nadir melodiya gözəlliyi fərqləndirir. Bu pyeslərin bəzisi işıqlı xəyalpərvərlik ovqatını təsvir edir, bəziləri hüznlü melanxolik duyğuları səsləndirir. Şopenin 6-cı noktürnü isə Şekspirin eyniadlı faciəsinin qəhrəmanı Hamletin obrazını canlandırır. Onun melodiyasında Hamleti üzən sual - «Olum, ya ölüm?» sualı ifadəli nidalar şəklində düzülür.
   Ümumiyyətlə, Şopenin əksər noktürnləri üçün kəskin ziddiyyətlər, məsələn, gecəyə hakim səssizliyin qəfil başlayan qasırğa ilə əvəzlənməsi xarakterikdir. Bəzən isə geniş lirik-daramatik səhnələr artan dinamik gərginliklə dəyişilir.
   Şopenin bir sıra digər əsərlərində, məsələn, fortepiano üçün mi-minor konsertində, prelüd və etüdlərində də tipik noktürn melodiyalarına rast gəlmək olur.
   Təəssüf ki, bu gün ölkəmizdə hətta hazırlıqsız dinləyicinin də asan qavradığı və qəbul etdiyi klassik musiqi əsərləri efirdə nadir hallarda səslənir. Bununla belə, Azərbaycan filmlərinə az-çox bələd olan tamaşaçı Şopenin noktürnünün sədalarını eşidib.
   «Təhminə» filmini yadınıza salın. Təhminə və Zaurun Peterburqdakı görüşündəki bir epizodda məhz Şopenin melanxolik ovqatlı noktürnü səslənir. Hər şeyin yalnız bircə kərə olduğuna əminliyini söyləyən Təhminə Zaura deyir: «Amma …Şopenin bu noktürnü də heç vaxt belə olmayacaq».
   Bu fikri film kontekstindən çıxararaq belə demək olar: heç vaxt kimsə Şopenin noktürnləri qədər gözəl noktürn bəstələməyəcək. 
   
   Gülcahan Mirməmməd