Xəbər verdiyimiz kimi, TÜRKSOY görkəmli türk dramaturqu Haldun Tanerin 100 illiyi münasibətilə 2015-ci ili “Haldun Tanerin ili” elan edib. Yubiley ili çərçivəsində keçirilən tədbirlərdən biri Haldun Taner adına beynəlxalq dramaturqlar müsabiqəsidir. Müsabiqənin təşkilatçıları TÜRKSOY və Avrasiya Yazarlar Birliyidir.
Müsabiqəyə hər hansı türk dillərindən birində yazılan, həcmi iki pərdədən çox olmayan pyeslər qəbul olunur. Əsərlər Türkiyə türkcəsinə çevrilmiş mətn üzrə qiymətləndiriləcək. İştirakçılar üçün yaş həddi yoxdur.
Pyes müəllif əsəri olmalıdır, hər hansı əsərə uyğunlaşdırılmamalı, hansısa əsərin tərcüməsi olmamalıdır. Hər müəllif müsabiqədə bir əsərlə iştirak edə bilər. Müsabiqəyə daha öncə çap olunmayan, tamaşaya qoyulmayan və digər müsabiqələrdə mükafatlandırılmayan pyeslər qəbul olunur.
Pyeslərin mətni kompüterdə yığılmış və çap olunmuş variantda (12-lik Times New Roman şrifti, interval 1,5) 6 nüsxədə və CD şəklində təqdim olunmalıdır. Mətnlərin titul vərəqində müəllifin yalnız təxəllüsü göstərilməli, heç bir əlavə şəxsi qeyd olmamalıdır.
İştirakçılar özləri haqqında məlumatı və bir fotonu ayrıca zərfə qoyur və üzərinə ancaq təxəllüslərini yazırlar. Həmin zərfi pyeslə birlikdə digər zərfə qoyub bu ünvana göndərməlidirlər: Türkiyə, Ankara. Sakarya məhəlləsi, Göztəpə küçəsi 5/A. Avrasiya Yazarlar Birliyi. E-mail: htoyunyaris@ayb.org.tr
Müsabiqə bu il aprelin 5-də elan olunub. Əsərlərin təqdimatı sentyabrın 9-da yekunlaşacaq, müsabiqənin nəticələri noyabrın 15-də elan olunacaq, mükafatlandırma mərasimi isə dekabrda olacaq. Birinci yerin qalibinə 15 min, 2-ci yer üçün 10 min, 3-cü yer üçün 5 min türk lirəsi nəzərdə tutulub. Bundan əlavə, iki dramaturqa da həvəsləndirici mükafatlar veriləcək. Mükafata layiq görülmüş pyeslər TÜRKSOY ölkələrinin dövlət teatrlarının repertuarına tövsiyə olunacaq.

Mehparə