AMEA Nizami adına Ədəbiyyat İnstitutu yeni uğura imza atıb. Ədəbiyyat İnstitutu ilə Rusiyada çıxan “Literaturnaya qazeta”nın birgə layihəsi işıq üzü görüb. Moskvada A3 formatında nəşr olunan “Literaturnaya qazeta”nın budəfəki nömrəsinin (№ 25-26, 24-30 iyun 2015-ci il) dörd səhifəsi bütövlükdə Azərbaycan şifahi xalq poeziyasına həsr olunub. Qəzetin səhifələrində şifahi xalq ədəbiyyatının lirik janrlarında olan nümunələrindən çoxlu sayda seçmələr verilib.
İnstitutdan bildiriblər ki, bu, “Literaturnaya qazeta”nın AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birlikdə oxuculara təqdim etdiyi ikinci layihədir. Qəzetin bu ilin aprelində Ədəbiyyat İnstitutu ilə birgə ilk layihəsi Rusiyada yaranan Azərbaycan diaspor ədəbiyyatına həsr edilib. Təkcə Rusiyada deyil, geniş mənada rusdilli beynəlxalq auditoriyada kifayət qədər böyük nüfuza malik olan “Literaturnaya qazeta” postsovet ölkələri arasında ilk dəfədir ki, konkret bir respublikanın Elmlər Akademiyası ilə, həm də ayrıca bir elmi-tədqiqat institutu ilə birlikdə xüsusi layihə - dörd səhifəlik əlavə çap edir.
Ədəbiyyat İnstitutu ilə “Literaturnaya qazeta”nın xüsusi buraxılışı həm institutun, həm də bu məşhur qəzetin tarixində ilk və əhəmiyyətli hadisədir.