Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rüblük mətbu orqanı olan "Xəzər" dünya ədəbiyyatı jurnalının 2015-ci il üzrə ikinci nömrəsi çapa hazırlanır.
Nəşrin bu sayında Nobel mükafatı laureatı Kamilo Xose Selanın Nobel nitqi və "Paskual Duartenin ailəsi" romanı, amerikalı şair Enn Sekstonun şeirləri, ingilis yazıçısı İen Makyuenin "Şkaf-adamla söhbət" hekayəsi, Con Perkinsin "Killerin etirafları" kitabından parçalar, çağdaş Misir ədəbiyyatından İhsan Abdul-Qaddusun "Avtobus oğrusu" novellası yer alıb.
Oxucular yaxın vaxtlarda çapdan çıxacaq jurnalda "Tarixin axarını dəyişən məktublar" başlığı altında türk xaqanlarının yazışmaları, fransız dramaturqu, absurd teatrın klassiki Ejen İoneskonun "Dördnəfərlik səhnə" pyesi, müasir İsveç ədəbiyyatı və teatrının banisi Avqust Strindberqin "Vicdan əzabı" hekayəsi, İvan Zaxaryinin (Yakunin) "Şeyx Şamil" memuarı və Uruqvay yazıçısı Mario Benedettinin "Yaxın sahil" romanı ilə də tanış ola biləcəklər.