Mədəniyyət və Turizm Nazirliyinin “Gənclik” nəşriyyatı da IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında aktiv iştirak edəcək. 1938-ci ildən dövlət nəşriyyatı kimi fəaliyyət göstərən müəssisədə bu müddət ərzində Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin əsərləri, həmçinin müasir şairlərin, yazıçıların kitabları nəşr olunub.
“Gənclik” eyni zamanda Azərbaycan uşaq ədəbiyyatının çapı ilə məşğul olan ixtisaslaşmış nəşriyyatdır. “Dünya uşaq ədəbiyyatı” seriyasından nəşr edilən 55 cildlik kitablar respublikamızın mədəni həyatında layiqli yerlər tutub. Bununla yanaşı, nəşriyyat hər yaşdan oxucuları diqqətdə saxlayır. Milli vətənpərvərlik ruhu aşılayan “O gecə”, “Çörəyi itirməzlər”, “Şəhidlər və şahidlər” kimi kitablar da burada çapdan çıxıb. Nəşriyyatda ulu öndər Heydər Əliyevə ümumxalq məhəbbətini əks etdirən xeyli sayda kitab işıq üzü görüb.
Nəşriyyatın direktoru, Əməkdar mədəniyyət işçisi Adil Abdullayev bizimlə söhbətində müasir oxucunun maraq dairəsində olan nümunələrə üstünlük verdiklərini deyir: “Tirajı az olsa da, son vaxtlar xeyli kitab nəşr edib geniş oxucu auditoriyasına çatdırmışıq. Nümunə olaraq “Gözlərini sevmişdim” (Xuraman Vəfa), “Neft və Bakının “nağılı” (Gülnarə Mehri), “Tərbiyənin əxlaqi və sosial problemləri”, “Pedaqogika və evriologiya” (Allahverdi Eminov), “Fırtınalı ömür” (Sevinc Ədalətqızı), “Dağlıq Qarabağa ermənilərin əsassız iddiaları” (Sabir Qasımlı) və s. kitabları xüsusilə vurğulamaq istərdim”.
Oxucu ilə birbaşa ünsiyyət, yerli və xarici naşirlərlə əlaqə baxımından bu sərginin böyük əhəmiyyət daşıdığını deyən A.Abdullayev bütün kitabsevərləri, kitab işi ilə məşğul olan insanları tədbirdə yaxından iştiraka çağırdı.