Ölkəmizdə uşaq yaradıcılığının inkişafına, gənc istedadların yaradıcılıq imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirilir. Uşaqların və gənclərin dünya standartlarına uyğun, yüksək səviyyədə təhsil alması üçün geniş imkanlar yaradılır, yeni məktəb binaları inşa edilir, tədris ocaqlarının maddi-texniki bazası möhkəmləndirilir. 
   
   Bütün bunların nəticəsidir ki, təkcə 2007-2010-cu illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Bakı Xoreoqrafiya Məktəbinin, uşaq musiqi və incəsənət məktəblərinin 27 nəfər şagirdi xüsusi aylıq təqaüdə layiq görülüb, onların adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb.
   Hazırda Mədəniyyət və Turizm Nazirliyi sistemində 184 uşaq musiqi məktəbi fəaliyyət göstərir. Onlardan biri Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbidir.
   1969-cu ildən respublika Nazirlər Sovetinin qərarı ilə təşkil olunan bu musiqi məktəbi 2002-ci ildən görkəmli bəstəkar, dirijor Niyazinin adını daşıyır.
   Yarandığı dövrdən 4 ixtisasla fəaliyyətə başlayan musiqi məktəbində bu gün 15 ixtisas üzrə 477 şagird təhsil alır. Həm klassik alətlər üzrə, həm də Azərbaycan xalq çalğı alətləri - tar, balaban, saz ixtisasları, habelə xanəndəlik, vokal üzrə musiqi fənləri tədris olunur. Bir qədər əvvəl isə məktəbdə fleyta ixtisasının tədrisi başlanıb.
   Məktəbin direktoru, Əməkdar müəllim Natiq Vəliyev deyir ki, bu gün ölkədə aparılan mədəniyyət siyasətinə uyğun olaraq musiqinin inkişafına xüsusi diqqət yetirilir. Onun sözlərinə görə, son illərdə ardıcıl olaraq festivalların təşkili, gənc istedadların üzə çıxarılması üçün keçirilən müsabiqələr, milli musiqimizin beynəlxalq səviyyədə tanınması uşaq və yeniyetmələrdə musiqi sahəsinə marağı artırıb. Azərbaycanın muğam və aşıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi isə bu sahəyə maraq göstərənlərin sayına da müsbət təsir edib: “Əvvəllər adətən klassik musiqi alətlərində təhsil almağa üstünlük verirdilər. Amma son illər uşaqlar saz, muğam ixtisaslarına daha çox maraq göstərirlər”.
   Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri respublika və şəhər miqyaslı bütün festival və müsabiqələrdə fəal iştirak edirlər. Xanəndəlik üzrə beş respublika müsabiqəsinin dördündə məktəbin şagirdləri uğur qazanaraq “Qran-pri” mükafatına layiq görülüblər. Bundan əlavə, müxtəlif illərdə respublika müsabiqələrində iştirak etmiş məktəb şagirdlərindən Niyaməddin Babayev, Ülviyyə Rəhimova, Arzu Əliyeva, İqbal Məmmədzadə, Fuad Ağayev, Adil Müslümov, Azadə Məmmədova, Zəminə Babayeva, Nicat Qurbanov müxtəlif ixtisaslar üzrə laureat olublar.
   Məktəbin direktoru Natiq Vəliyev həm də Bakı şəhər Musiqi Məktəbləri Müəllimləri Şurasının sədridir. Müsahibim deyir ki, ötən dövr ərzində musiqi nəzəriyyəsi fənləri üzrə keçirilən olimpiada çox maraqla qarşılanıb: “Biz 2005 və 2008-ci illərdə musiqi nəzəriyyəsi - solfecio və musiqi ədəbiyyatı üzrə olimpiada təşkil etmişik. Bakı şəhərində fəaliyyət göstərən bütün musiqi məktəblərinin şagirdləri bu olimpiadaya qatılmışdı. Solfecio və musiqi ədəbiyyatı vacib fənlərdir, musiqinin əsasıdır. Düşünürəm ki, bu olimpiadaların davamlı olaraq keçirilməsi çox zəruridir. Bu cür olimpiadaların ənənəvi olaraq keçirilməsi şagirdlərdə ixtisas fənlərindən əlavə musiqi nəzəriyyəsinə maraq yaradır”.
   Uşaq Musiqi Məktəbinin şagirdləri “Gənc musiqiçilər təhlil və ifa edir”, “Oxu tar” müsabiqələrində də uğur qazanıblar. Məktəbin xor kollektivi dəfələrlə respublika müsabiqəsində laureat olub. Söhbət əsnasında onu da öyrəndik ki, məktəbdə xanəndəlik ixtisasının yaradılmasında Xalq artisti Mənsum İbrahimovun böyük rolu olub. Hazırda onun yetirmələri məktəbdə fəaliyyətini davam etdirirlər.
   Məktəb şagirdləri müəllimləri ilə fəxr edirlər. 2008 və 2009-cu illərdə məktəbin iki müəllimi - Dilrubə Hacıyeva və Həsənağa Nəhmədov “İlin müəllimi” adına layiq görülüb. Məktəbin saz müəllimi, Əməkdar mədəniyyət işçisi Nemət Qasımlı isə Koreyada Dünya Master Festivalının Sertifikat (The Certificate of World Master) və kubokunu qazanıb. Nemət Qasımlı ölkəmizi layiqincə təmsil edərək 65 ölkənin ifaçıları arasında Dünya Master Sertifikatına layiq görülən üç iştirakçıdan biri olub. Əldə etdiyi uğurlara görə o, 2012-ci ilə həmin festivalda yenidən iştirak edəcək.
   Hazırda məktəb adını daşıdığı Niyazinin 100 illik yubileyinə hazırlaşır. Bununla bağı hazırlanmış tədbirlər planı əsasında 2012-ci ildə bir sıra tədbirlər keçiriləcək. Məktəbdə bütün əlamətdar günlər, o cümlədən musiqiçilərin və tanınmış bəstəkarların yubileyləri davamlı olaraq qeyd olunur, musiqi həftələri keçirilir.
   
   Ceyhun