Azərbaycanın və Çexiyanın Özbəkistandakı səfirliklərinin təşəbbüsü və “Şərq Ayolı” Beynəlxalq Qadın Fondunun təşkilatçılığı ilə Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında “Planet bizim ümumi evimizdir” konsert proqramı təqdim edilib. Tədbirdə diplomatlar, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, paytaxtdakı Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.
   Konsertə gələnlər əvvəlcə foyedə təşkil edilmiş “Azərbaycan Respublikası -müstəqilliyin 20 illiyi” mövzusunda sərgiyə baxıblar. Çexiyanın Özbəkistandakı səfiri Robert Kopeski, Azərbaycan səfirliyinin müşaviri Akif Əliyev və “Şərq Ayolı” Fondunun sədri, akademik Səadət Tursunbayeva belə mədəni tədbirlərin əhəmiyyətini vurğulayıblar.
   Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyasını Əlişir Nəvai adına Daşkənd Opera və Balet Teatrının solisti, həmvətənimiz Cəbrayıl İdrisov, “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını həmin teatrın solisti Moxfuza İslamova, Əsgərin ariyasını isə Özbəkistanın Əməkdar artisti Səməndər Əzimov ifa ediblər. Soydaşımız Rəna Əzizova və “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri xalq mahnılarımızı və milli rəqslərimizi təqdim ediblər.
   Sonra ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafında xidmətlərinə görə Azərbaycanın və Özbəkistanın Xalq artisti Firudin Səfərov, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva və pedaqoji elmlər doktoru Almaz Məcidovaya “Şərq Ayolı” Fondunun diplomları təqdim olunub.