Vaqif Bəhmənli - 60  

 

Tanınmış şair, tərcüməçi Vaqif Bəhmənlinin “İşartı. Yeriyərkən dediyim şeirlər” kitabı 2013-cü ildə işıq üzü görüb. Bu il 60 illik yubileyini qeyd edən şairin seçmə “İşartılar”ını təqdim edirik.

 

 

Böyük ehtimalla düşmən dost ola bilər, dostun düşmən olmaq ehtimalı da ən azı elə o qədərdir. Deməli, özünü dostdan qoru, söyləyənlərin əsası var...

* * *

Vaxtından tez kəsilmək qorxusu olmasaydı, ağız-ağıza verib mələşən bu qoyun sürüsündən dərhal ayrılardım. Dünya şirin otdu, can əziz quzu.

* * *

Sevgi müqəddəs məmləkətdir; onun hər qarışı uğrunda vuruşmağa və təəssüf ki, ölməyə dəyər!

* * *

Sevgi səhər təbiətlidir – toxunduğunu oyadır.

* * *

Teatrda olduğu kimi sevginin də fabulasında konflikt dayanır. Gərək araya kimsə girsin. Əks halda tamaşa alınmır.

* * *

Poeziyanın aqibətindən nigaran olanlar yanılırlar. Çünki poeziya ən azı bizim planetin ruhudur. Əgər nə zamansa yer kürəsi qəhr olsa, ondan nişanə qalan dərin kədər də poeziyadır. Ruh yoxluğun ədəbiyyat halıdır.

* * *

Xoruzların sonuncu banı. Səhər açılır. Gözlərim isə sanki ömrüm boyu bircə dəfə də olsun qapanmayıb, yuxu hissiyyatı ona tamamən yaddır. İçim isə ara vermədən çığırır.

* * *

Dünya məni darıxdırır, bəlkə çıxaq bu dünyadan, bəlkə yığışıb sizə gedək?

* * *

Sənə gəl deyirəm, amma sən yeriyə bilirsənmi?

* * *

Hamını Allah, məni sənin xəyalın saxlayır.

* * *

Getmək istəyirsənsə get, amma bircə şərtlə, məni də özünlə apar.

* * *

İsti yayılır cana

Hərarəti köz doğur

Bəni-bəşəri ana,

Şairləri söz doğur...

* * *

Dünya məni təklədi...

Təklənməyindən qorxmasam, bu aravuran dünyanı düşünmədən tərk edərdim...

* * *

Mən suya yol axtaran qəhrəmanam,

Sən suyun qabağını kəsən

yeddibaşlı əjdahasan...

Bu ölüm-itimli yola

ona görə çıxdım ki,

ürcahıma çıxasan!

* * *

Azərbaycan mədəniyyətində heç kəsin çata bilməyəcəyi tək bir düha var; O, Üzeyir bəy Hacıbəylidir. O, tarixdir! O, ahəngdir! O, söz xəzinəsidir! O, müdrikdir. O, milli fəlsəfədir! O, kamil insan zirvəsidir! O, məsumluğun fotosudur! Lap düzü, o, yaradanın varlığına ən mötəbər dəlildir. O, yalnız bu gün deyil, həm də sabahdır. Azərbaycan xalqı indiki iç qiyafəsinə görə borclu olduğu üç-dörd şəxsiyyətdən biri Üzeyir bəy Hacıbəylidir. Hal-qəziyyədə belədir. Sonra nə olacaq? Bunu həyat göstərir...

* * *

Cabbar Qaryağdıoğlu sadəcə muğam ustadı deyil, muğamatın özüdür.

* * *

Xalqın səsi seçki qutusundan çıxan bülletendirsə, bəs onda Cabbar Qaryağdıoğlunun səsi nədir?

* * *

Musiqi urvalı nənə əlində fırlanan oxlovdur; elə hey irəli, geri burulub yastılayır. Sonda ürəyimiz nənə əllərinin un ətrini verən namnazik yuxaya çevrilir.

* * *

Gecə... İt hürür...  Sanki o deyir ki, qaranlığın da yiyəsi var.

* * *

Üzün ayna. Bu, deyilib... Amma deyilməyib ki, o ayna yalnız məni göstərir.

* * *

Gecənin içindən min cür səs çıxır. Bəlkə onlardan hansı birisə atamın səsidir?

* * *

Yüz yaşlı “uşaqları” qucağına alıb aparan ölüm min yaşlı baba kimi sevinir.

* * *

Heç olmasa ömürdə bir yol özünə get, dost! Özündən getməyə nə qalıb ki?!

* * *

Şərab dükanında çox vaxt itirmə, hamısı bir bezin qırağıdı, yəni arağın araqdan fərqi yoxdu. Amma arağın ayrandan fərqi var!

* * *

Həyat yoldaşım elə hey deyir ki, Vaqif, su iç, çoxlu su iç... Amma o bilmir ki, mən suyu boğazımdan yox, ayağımdan içirəm – hər gün zəhmət təri dabanımdan axıb gedir.

* * *

Altmış yaş... Baş alıb gedən həyat uzaqlarda itən xırda bir nöqtə kimi görünür. Mən isə hələ də gülürəm. Bu arsızlıq deyil, bəs nədir?

* * *

Mütləq varlığın bircə halı var; yoxluq!

* * *

Fəlsəfə avantüradır, çünki fikir toqquşmalarına təhrik edir.

* * *

Kahaları tədqiq et, Elmlər Akademiyasının dəhlizlərini yüz dəfə dolan, tarixə bax – xalq olmayıb, xalq yoxdur, xalq olmayacaq... Camaat var. Buna da şükür!

* * *

Ay mənə elə pis yerdən baxır ki, utanıram. Nə bilim, bəlkə mən pis yerdə uzanmışam.

* * *

Allah ona görə dərkedilməzdir ki, heç bir varlıqla müqayisə olunmur.

* * *

Füzuli Şərq-türk-müsəlman təfəkküründən qalxan elə möcüzədir ki, o, Qurani-Kərimin yasaq etdiyi mətləblərə toxunur, bunun nəticəsində iman bir az da kamilləşir və əlyetən olur...

* * *

Şair, xəbərin varmı ilham pərisi gecəyə, gündüzə fərq qoymadan dəhlizdə midilənib səndən məhəbbət umur. Canını nə azar tutub ki, sən ona vaxt ayırmırsan?

* * *

Uğursuzların sonrakı hal dəyişkənliyini həmişə nəzərə alın, onlar qısa zaman içində, fövqəladə bir uğurla əsil əclafa çevrilə bilirlər.

* * *

Atın əhvalını otdan xəbər al, atdan yox...

* * *

Yaratmaq candır, fasiləsiz çalışan sənətkar daim can sağlamlığının qeydinə qalan insana bənzər.

* * *

...Ulduzlar, göy üzünü saysız-hesabsız sarı cücələr kimi bürüyüb. Ancaq, nədən onlar Günəşin dimdiyindən düşən işığı dənləmək üçün az qala bir-birinin belinə çıxır?

Ana Günəş işığı bir az da, bir az da bol səpir.

- Budur, baxın, nə qədər işıq desəniz var, niyə bir-birinizi didirsiniz? – soruşur Günəş... – hərdən Günəş ağzı işıqsaçan, ac qılınca çapan kimi dən-dən işığa cuman cücələri aralaşdırır.

Günəşin tək bircə istəyi var; təki işıq üstündə qan düşməsin, təki dən gəzən qardaş cücənin dimdiyi, bacı cücənin başını deşməsin...

* * *

Havaya paxıllığım tutur! –

O qədər təmizdi ki...

* * *

Məndən özgə heç kəs mənim adımı məndən ala bilməz!

* * *

Hissetmənin ən mötəbər vasitəsi gözdür.

Gözün ani olaraq həqiqəti dərk etdiyi müddətdə ürək ən azı min dəfə yanılır. Bu, bəlkə də ən qədim təmas düsturudur; göz görməsə, könül sevməz. İndi bu məntiqlə heyvan eşqi ilə ağıllı insanın müdrikliyini ayır görüm, necə ayıra bilərsən?!

İnsan varlığı dörd tərəfdən – aşağıdan, yuxarıdan və yanlardan məsaməsiz qapanmış kubdur, gerçəkliyi seyr etmək üçün yalnız bir yırtıq var – göz!

Lallıq, karlıq, iflic; nadanlıq əsasən idarə olunmur.

Anadangəlmə, eyni zamanda sonradan qazanılan korluq, karlıq və iflic qəzavü – qədərdi.

Nadanlıq Tanrı cəzasıdı.

Onların xilası Allahın hökmünə, korların, karların və ifliclərin öz içinə çəkilə bilmək gücünə və əlbəttə ki, ətrafın mərhəmətinə bağlıdır!

Bütün hallarda, qoy, yaradan rəhm etsin.

Bu esse baxar korlar, eşidən karlar, yeriyən ifliclər, kamala dolacağı ehtimal olunan nadanlar haqqındadır. Görən gözün görməməyi, eşidən qulağın eşitməməyi, yeriyənin yeriməməyi, nadanın donuq beyni zülmətli fəlakətdir. Görmək də, eşitmək də, yerimək də, düşünmək də bu dünyadadır.

Məzarda görmək üçün pəncərə, eşitmək üçün səs, yeriyib çıxmaq üçün qapı, düşünmək üçün beyin olmur...

* * *

Dil boğaza qoymadan pisi tənqid atəşinə tutanlar tanımayanlardı, tanıyanlar pisə sonsuz bir nifrətlə susurlar...

* * *

İndi şair nə gəzir, özünü şair elan edənlər var...

* * *

Ədəbiyyat tarixi ayrı bir sahədir, ədəbiyyat prosesi ayrı. Ədəbiyyatın yeni tarixini ədəbi prosesin içində olanlar yaradırlar.

* * *

Poeziya dəhşətli bir inadla ahəngdən imtina edir; belə getsə, tezliklə o, riyaziyyat fənni içərisində hansısa tənliyə və yaxud fəlsəfə predmetinə çevriləcək. Görəsən, o yenə də poeziya adlanacaqmı?

* * *

Təkliyə çəkilmək yaxşıdır, bir şərtlə, biləsən ki, sevdiyin, əziz bildiyin, mərhəmətə layiq insanlar yaxında olsun, yaxud uzaqda olsun, bir kimsəyə möhtac deyillər, könülləri şaddır, rahat və şərəflə yaşayırlar.

* * *

Təklik və Tənhalıq fərqli anlayışlardır. Ən azı ona görə ki, kefi istəyəndə təkliyin içinə çəkilən insan istər-istəməz hər an tənhalıq içərisindədir. Tənhalıq şüurun dörd yanı bağlı şəffaf fəzasıdır.

Tənhalıq şüura məxsusdur, çölün ortasında quyruğu ilə belindəki cücü-mücünü qovan at isə təkdir və o, heç zaman tənha ola bilməz.

* * *

Xislətinə görə insana ən bənzər heyvan itdir, çünki o da eqoistdir, kefi istəyəndə hürür və hərdən də qapır.

* * *

İki yaşlı nəvəm Səfurə demək olar hər gün üstümə qaçır, qarşımda dayanır, boyunun balacalığı səbəbindən altdan-yuxarı mənə baxıb deyir:

- Baba, mənə konfet qətiyyən olmaz...

- Hə, qurban olum, anan düz deyir, sənə konfet qətiyyən olmaz.

Uşaq bir də təkrarlayır:

- Baba, mənə konfet qətiyyən olmaz...

Deyirəm:

- Düz deyirsən, olmaz...

Uşaq yenə eyni sözləri təkrarlayır...

Hiss edirəm ki, ürəyimin üstü konfet qabığı kimi soyulur.

Stolun üstündəki qənddandan bir saçaqlı konfet götürüb ona verirəm.

O, konfeti qapır, dərhal soyur, dişləyib:

- Sağ ol, baba... – deyir və tam bir xoşbəxtlik içində qaçıb gedir. Düşünürəm, bu uşaqlar nə qədər kələkbaz və şirindirlər, İlahi!

* * *

Şairlik yerdəki seçilmiş insana göylərin etimadıdır. Etimadı doğrultmağın yeganə yolu canı söz uğrunda fəda etməkdir.

* * *

Qəhrəmanın qüdrəti şəxsi əmlakda deyil, səngərdəkilər arasında bərabər bölünən döyüşçü payındadır.

* * *

Bir eşq iki bədəndə olmur, olursa, bir bədəndə olur.

* * *

Eşq heç zaman ölmür, insanla bir yerdə torpağa qarışıb çürüyür.

* * *

Ən qüdrətli eşq həyat eşqidir.

* * *

Eşq canın qürbətindədir, adam özü də bilmir ki, o, vücudunun harasında unudulub.

* * *

Qatil ştatdankənar əzraildir.

* * *

Sən əziz ölünü torpağa tapşırdın, dost! Bir çoxunun əziz ölüsü hələ də gözünün qabağında gəzişir!

* * *

Sən təcili yardım kimisən, Allah səni heç kimə qismət etməsin!

* * *

Düz deyirlər, şair yerini bilməyən olur...

Adi adamlar canlarında xırda bir sancı hiss eləyən dəqiqə bədəninin bütün dəlmə - deşiyinə əl gəzdirib ürəyin yerini axtarırlar. Yerini bilməyən şairlər isə ürəyin yeri hardadı, onu da bilməzlər.

Çünki şair ürəyin özüdü

Cisim qürbətinin hansı qaranlığında çürüməyi ürəyin vecinə deyil.

* * *

Aşiqlər üçün sevgi yaranışı şairlərə görə yaratmağa bəhanədir.

* * *

Yaxşı əməlinə görə bir kimsədən tərif umma. Çünki yaxşı əməlin tərifi yaxşı əməlin özüdür.

* * *

Pəncərədən baxıram... gözümün qarşısında iki ağac qalxır – qara tut, ağ tut. İpək yarpaqları meh tərpədir. Yüzlərlə “qaradərili”, “ağdərili” meyvə gilələri barmaq-barmaq qopub tökülür, quma qarışır, qəhr olur. İlahi, deyirəm, görəsən, yer üzündə bal kimi şirin və şirəli meyvələri xeyirsiz yerə səpələnib qəhr olan neçə milyard tut ağacı var?

* * *

Dostlar, rahat yazıram deyə xiffət çəkməyin, mən hamınızın yerinə zillət çəkirəm!

* * *

Mənə çox çap olunduğuma görə irad tutanları bəlkə də anlamaq olar. Mənə çox çalışırsan, deyənləri isə anlamıram. Neyləyim, rahat balışa baş basıb səhərdən axşama, axşamdan səhərəcən xorna çəkim ki, ürəyimi piy bassın?

* * *

Çox yazırsan deyə üzümü danlamayın; nə zaman yazmaq, nə zaman yazmamaq məsələsi məndən asılı deyil, o, baş verir.

* * *

Çox, yaxud az yazmaq əsas deyil, ən əsası insanlara zamanın və məkanın müdaxiləsi olmadan sözlərlə yaxınlaşmaqdır.

* * *

Otu ata ver, əti itə...

Heç şübhəsiz ki, yerin cənnətin tən ortasında olacaq.

* * *

İnsanın qarşısında duran üç vəzifə var – həyata gəlmək, həyatı anlamaq, həyatdan getmək... yerdə qalan bütün düşüncələr mütəhərrikdi, əbədi olanı zaman təyin edir.

* * *

Yaxşı tənqidçi şairə doğru yol göstərən dərrakəli ata kimidir.

* * *

Allah, səndən ömür istəyirəm; Ürəyimcə olan son cümləni yazı masanın üstündən yığışdıranacan...

* * *

Başa vurduğum hər gün bir daha təsdiqləyir ki, poeziya ilham pərisinin sancı tutmalarından deyil, ilahi duyğuların, dərin düşüncənin, xeyirli axtarış eşqinin və nəhayət, yer qazan ucaboylu zəhmətin bətnindən doğulur...

* * *

Yaşın heç bir həddi janr sərhədini nəinki inkar edə, hətta məhdudlaşdıra bilməz. Çünki bizim poeziyamızın ana yasasında yaş senzi əzəl başdan olmayıb. Yoxsa, azman Dədəm Qorquda nə düşmüşdü ki, saqqalının pambıq kimi ağarıb yumşalan vaxtında qopuz çalsın, soy soylayıb, boy boylasın?!

* * *

Həyat hadisəsinin baş verdiyini təsdiqləyən ən mötəbər əlamət sevgidir; hətta qatil vəzifəsini icra edərkən əlinə əlcək taxsa belə...

* * *

Keçmişdən nə qalıbsa

ona deyək, qənimət!

Bu gününə iki ad qoymayan insanın

sabahının bircə adı var – fəlakət!

* * *

Sən xoşbəxt indisən!

keçmiş də, gələcək də

Qan ağlayar...

         dindirsən!

* * *

İnadkarların alnını

Yarılmaz qayalar öpür.

* * *

Göylərin sonsuzluğunu

xəyaldan çıxart!

Özünü ora at –

həyatın dibinə!

* * *

An yetişir, insan dərk edir (bəlkə də dərk etmir) ki, onun həyatında özündən başqa bir kimsə yoxdur. Ən dəhşətlisi isə budur; daha bir an keçir, heç o özü də olmur...