Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tanınmış müğənni, Əməkdar artist Fidan Hacıyeva və fransalı tenor Jan-Fransis Munvuasonun birgə konserti olub. Konsert Fransanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə çıxış edən Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Luk Obri bildirib ki, Fidan Hacıyeva bir neçə aydır klassik fransız repertuarını təşkil edən librettolar üzərində çalışır. Müğənninin İtaliyadakı çalışmalarının uğurla keçdiyini deyən diplomat ümidvar olduğunu bildirib ki, Fidan Hacıyeva tezliklə Fransada da çıxış edəcək.
   Gecədə Opera və Balet Teatrının simfonik orkestrinin müşayiəti ilə Fidan Hacıyeva və Jan-Fransis Munvuason Azərbaycan, fransız və italyan bəstəkarlarının əsərlərindən parçalar ifa ediblər. Orkestri dirijor, Xalq artisti Cavanşir Cəfərov idarə edib.