Rus dilində “Qarabağ ədəbiyyatı” elektron toplusu hazırlanıb

“Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində rus dilində “Qarabağ ədəbiyyatı” elektron toplusu hazırlanıb. Topluda orta əsrlərdən müasir dövrədək Azərbaycanın bu tarixi bölgəsində yaşayıb-yaratmış, əslən Qarabağdan olan 100-dək şair, yazıçı və mütəfəkkirin həyatı, yaradıcılığı haqqında məlumatlar, əsərlərindən nümunələr təqdim edilir.
İctimai birlikdən verilən məlumata görə, elektron toplu QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə 2009-cu ildə reallaşdırılan “www.azerbaycanli.org - milli eyniyyətdən qlobal dünyaya pəncərə” layihəsinin növbəti mərhələsidir. İndiyədək həmin layihə üzrə Azərbaycanın tarix və mədəniyyətinə dair müxtəlif elektron xronoqraflar hazırlanaraq ww.azerbaycanli.org saytında istifadəyə verilib. 2011-ci ildə ilk dəfə Azərbaycan dilində “Qarabağ ədəbiyyatı” toplusu tərtib edilib. Yeni layihə əsasında həmin toplu zənginləşdirilərək rus dilinə tərcümə olunub.
Mədəni irs hər bir xalqın yaşadığı torpaqda tarixini, qədimliyini sübut edən başlıca meyardır. Tarixi yurd yerimiz olan Qarabağda yaşayıb-yaratmış mütəfəkkir və ədiblərin zəngin irsi də bu baxımdan xüsusilə dəyərlidir. Bu irsin öyrənilməsi, təbliğ olunması, xarici dillərdə dünyaya çatdırılması böyük əhəmiyyət kəsb edir. Rus dilində “Qarabağ ədəbiyyatı” toplusu da bu məqsədə xidmət edir.