Dünyada ateizmin sosial hərəkat kimi formalaşmasının səbəb və nəticələri, cəmiyyətdə din və siyasətin bir-birinə qarşılıqlı təsiri yazıçı-publisist Zöhrə Əsgərovanın yeni çapdan çıxmış “Tarixi yaddaş və qondarma əhvalatlar” kitabında öz geniş əksini tapıb. Kitabda bu mövzu ilə bağlı zəngin, maraqlı tarixi hadisələr, görkəmli şəxsiyyətlərin siyasi, ədəbi fəaliyyəti müəllif tərəfindən təhlil edilib. Yazıçı həmçinin əsrlər boyu Azərbaycan torpağına, onun mədəniyyətinə təcavüz edən bədnam qüvvələrin, ermənilərin işğalçı planlarını tarixi faktlarla araşdırıb.
Kitaba daxil olan esselərdə gənclərimiz milli-mənəvi və ümumbəşəri dəyərlərlə bağlı onları düşündürən suallara cavab tapa bilərlər.
Müəllif qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 26 aprel tarixində Bakıda Dünya Dini Liderlərinin Sammitindəki çıxışı kitabın mövzu baxımdan istiqamətini müəyyənləşdirib: “...biz Bakının, Azərbaycanın dinlərarası dialoqun bir növ mərkəzinə çevrilməsinə böyük ümidlərlə baxırıq... Biz öz dini və milli ənənələrimizə çox sadiqiq. Çalışırıq ki, gənc nəsil də vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alsın. Eyni zamanda Azərbaycan bütün dünyaya açıq olan, bütün ölkələrlə əməkdaşlığa meylli ölkədir... Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha da böyük töhfə verəcəkdir.”