Moskvanın Xarici Ölkələr Ədəbiyyatı Kitabxanasında ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası kitabının təqdimatı keçirilib. Antologiya Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən hazırlanıb.
Tədbirdə çıxış edən Tərcümə Mərkəzinin direktoru Afaq Məsud vurğulayıb ki, bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərimiz zaman-zaman Rusiyada, eləcə də digər ölkələrdə nəşr olunsa da, milli ədəbiyyatımız belə bir ciddi akademik formatda təqdim olunmayıb. Artıq bir neçə dilə tərcümə edilən bu kitabın məqsədi Azərbaycanın zəngin ədəbiyyatını layiq olduğu səviyyədə dünyaya tanıtmaqdır. Qeyd olunub ki, gələn il antologiyanın ərəb dilində Qahirədə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşri gözlənilir. Hazırda kitab ingilis, alman, ispan, fransız və fars dillərinə tərcümə edilir.
Moskva Yazıçılar Birliyinin sədr müavini Valeri İvanov-Taqanski və digər çıxış edənlər də nəşrin ədəbi dəyəri, ikicildlikdə yer alan əsərlər barədə fikirlərini bölüşüblər.
Tədbirin bədii hissəsində rusiyalı sənətçilərin ifasında antologiyada yer almış Azərbaycan şairlərinin şeirləri oxunub, mahnılar və musiqi parçaları səsləndirilib.
Sonda Afaq Məsuda bu ilin mayında həqiqi üzvü seçildiyi Pyotr Akademiyasının diplomu təqdim olunub.