Ötən il Türkiyədə çap olunan “Qarabağ hekayələri” antologiyası böyük maraqla qarşılanıb. Azərbaycan yazıçılarının Qarabağ mövzusunda hekayələrinin toplandığı kitabın Ankarada, İstanbulda, Türkiyənin digər şəhərlərində nəşrin təqdimat mərasimləri keçirilib.
Nəşrin tərtibçisi Qarabağ həqiqətlərini dünyaya çatdırmaq yolunda aktiv fəaliyyət göstərən, Azərbaycan-Türkiyə Parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva və Türkiyənin tanınmış yazarı, Azərbaycan ədəbiyyatının yaxın dostu, Azərbaycan yazıçılarının əsərlərini Türkiyə türkcəsinə çevirib tanıdan İmdat Avşardır.
Qısa zamanda oxucuların diqqətini cəlb edən kitab ikinci dəfə çapa hazırlanır. Kitabda Elçin, Sabir Rüstəmxanlı, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlunun Qarabağ mövzusunda hekayələri yer alır.
Toplunun ikinci nəşrinə yazıçı-jurnalist Təranə Vahidin Qarabağ mövzusunda qələmə aldığı “Tapılmayan torpaq” hekayəsi əlavə olunub.
“Qarabağ hekayələri” Qarabağ həqiqətlərini, müharibə ədəbiyyatını əks etdirən ədəbi ensiklopediyadır. Kitabın ikinci nəşri yaxın vaxtlarda oxucuların ixtiyarına veriləcək.