“XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsindən yazıçı-tərcüməçi Hüseyn Şərifin “Xatirələr” kitabı işıq üzü görüb.
Nəşriyyatdan bildirilib ki, kitabda müəllifin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Mikayıl Müşfiq, Məmməd Səid Ordubadi, Süleyman Rəhimov, Mehdi Hüseyn, Cəfər Xəndan, Səməd Vurğun, Nazim Hikmət və Rəsul Rza ilə bağlı xatirələri toplanılıb. Həmçinin Hüseyn Şərif kitabda görkəmli şəxslərlə olan dostluq tarixçəsindən söhbət açaraq, maraqlı məqamları oxucularla bölüşüb.
Hüseyn Şərif 1909-cu ildə Tiflisdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra 1924-1929-cu illərdə Tiflis Pedaqoji Texnikumunda oxuyub. “Şükufə” adlı ilk hekayəsi bu dövrdə Tiflisdə çıxan “Dan ulduzu” jurnalında dərc olunub.
O, Aleksandr Radişşevin “Peterburqdan Moskvaya səyahət”, İvan Qonçarovun “Oblomov”, İvan Buninin “Povest və hekayələri”ni, Fyodor Dostoyevskinin “İdiot” və rus yazıçılarının əsərlərini dilimizə tərcümə edib.