Azərbaycanın Polşadakı səfirliyində Xalq yazıçısı Anarın “Göz muncuğu” kitabının təqdimatı keçirilib. Tədbirdə Polşa ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, ədəbiyyatşünaslar, tələbələr iştirak ediblər.
Yazıçının “Göz muncuğu” kitabı Vrotslav şəhərində “ATUT” nəşriyyatında “Şərq modernizmi” seriyasında nəşr edilib. Nəşr Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Azərbaycan ədəbiyyatının xaricdə təbliği” layihəsi çərçivəsində ərsəyə gəlib. Bu, Anarın Polşada nəşr olunan üçüncü kitabıdır.
Tədbirdə səfir Həsən Həsənov çıxış edərək Anarın Azərbaycanın zəngin yaradıcılığa malik yazıçılarından biri olduğunu bildirib. Qeyd edib ki, yazıçının əsərləri bir çox dünya xalqlarının dilinə tərcümə olunub. Səfir Polşa oxucusuna təqdim edilən “Göz muncuğu” kitabının da ictimaiyyət arasında böyük marağa səbəb olacağına inandığını deyib.
Kitabın polyak dilinə tərcüməçisi, filologiya üzrə humanitar elmlər doktoru İlahə Kərimova qonaqlara kitab haqqında ətraflı məlumat verib. Qeyd edib ki, “Göz muncuğu” dərin mənalı povestdir. Əsərin oxucusundan həm Avropada, həm də Şərqdə mövcud olan miflər, əfsanələr və motivlər haqqında bilgiyə malik olması tələb olunur. Povestin bütün ideyası insanı dərk etmək fəlsəfəsinə həsr olunub. Həqiqətən də, “Göz muncuğu” povesti insanın daxili portretidir.
İ.Kərimova həmçinin bildirib ki, povesti birnəfəsə oxuduqdan sonra onu polyak dilində oxuculara bacardıqca yüksək səviyyədə təqdim etməyi qarşısına məqsəd qoyub. Uzun müddət böyük həvəslə əsərin tərcüməsi üzərində işlədikdən sonra “Göz muncuğu” povestini polyak oxucuları üçün polyak dilində ərsəyə gətirmək mümkün olub.
Tədbirin sonunda qonaqlara kitablar təqdim olunub.