“Neylərəm o ömrü mən - nə Vətən məhəbbəti, nə darda mətanəti, nə dərdə tabı olsun”...
Sağlığında bu xanım-şairin şeirlərindən də eyni maraq və məhəbbətlə danışırdılar, xarakter aləmindən də. Bunu onun, indilər az-az açılan kitabları da təsdiq edir. Bunu, bu şairin bir az ağrı-acılı, nostalji duyğulu, daha çox isə gələcək arzulu şeirləri, haqqında danışılan və yazılan xatirələr də nəql edir.
Dərhal da vurğulayaq ki, “ağrı-acı və nostalji duyğulu” o mənəvi mücrü bu müəllifin tək elə şəxsi yox, ictimai-milli keçmişini də ehtiva edirdi...
Bu şair deyirdi ki; “Ali insan bu dünyadan öyrəndiklərini bu dünyanın adilərinə də öyrətməlidir”. Bu şair əsl sənətkarların ölümsüzlüyünə də inandığından, belə yazırdı:
Bu elə-obaya qaranquş kimi -
Həmişə baharda gələcəyəm mən...
Dünyaya qışın ortasında gəlmiş Mədinə Gülgün, daha çox, baharda, özü də büsbütün gül-bülbül ab-havasıyla görünərdi və vəfatından sonra da bu fəsillər gözəlində xatırlanır. Kitablarını vərəqlədikcə, bu da aydın olur ki, o, ahıl yaşlarında da bahardan-yazdan yazıb. Yaşıdları, müasirləri onu daha çox yaz aylarında görərdilər. Ən çox da sərgi salonlarında, muzeylərdə, sənətkarların yubiley törənlərində görünərdi - obrazlarıyla bir dam altda yaylayıb-qışlayan bu xanım. Klassik sələfləri demişkən, elə bil, “fəsli-zimistanda” doğulmuş bu şairin ilham “tikə”sini “fəsli-bahar vermiş idi”...
Bu xanım gözəl şairlərindən biri olduğu bu dünyadan 1992-ci ildə köçdü. Elə bu dünyaya gəlimi kimi, gedimi də qışa düşdü - 17 fevrala. Yəqin, bir az şairanə təhqiqatla baxsaq, o vaxtdan bu vaxta gəlib keçmiş baharlarda da onun ruhunu yan-yörəmizdə - sərgi salonlarında, muzeylərdə, yubiley törənlərində görmüş olardıq.
Bu şairin poeziya aləmi, əl qələmi belə idi.
Tale qələmi isə...
Bakıda doğulub Bakıda dəfn olunsa da, “coğrafi pasport”una çox şəhər və qəsəbələrin adı düşüb. Sovetlərin “gözünün işığı” sayılan bir sinif dünyasında - fəhlə ailəsində doğulsa da, öz iç işığı ilə ziya tutub, milli-ictimai tutumlu ziyalıya çevrilib. Pedaqoji İnstitutdan əvvəl zaman “müəllim”in həyat auditoriyasında püxtələşib. Dünyəvi “səbəb-nəticə” fəlsəfəsilə yüklənən bu sənətkar sovet səfsətəsinə sığışa bilməsə də, hərdən qələminə tərif haramları, siyasi və mədəni inqilablar vəsfi də qatmalı olub.
1938-ci ildə bu ailə Cənubi Azərbaycana - Ərdəbilə köçüb. Az sonra oradan Təbrizə gediblər. Bu əfsanəvi şəhəri görənədək özünə “çox şirin Təbriz xəyalları qurmuş” bu yeniyetmə burada xeyli “arzu acıları” yaşamalı olur. Təbriz toxuculuq karxanasında ilk əmək fəaliyyətinə başlayır. Gənclik yaşına girər-girməz, ahıl-ağbirçək fikirlərə qərq olur. Cənubi Azərbaycan demokratik hərəkatına qoşulur. Bir qədər sonra Təbriz Dram Teatrında çalışmağa başlayır. Hərəkat və teatr fəaliyyəti onu daha da məşhurlaşdırır. Gənc xanımı “Azərbaycan” qəzetinin xüsusi müxbirliyinə dəvət edirlər. 1945-1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olmuş bu mübariz, vətənpərvər şair sonralar şeirləri, məqalələri və sovet Azərbaycanında verilən “icazələr” müstəvisində Cənubumuzun inqilabi, Şimalımızın milli carçısı kimi çıxış edir.
Məğzi eyni olsa da, mərəsi ayrı olan bu Vətən - o Vətən, bu yurd - o yurd...
Könlü isə...
Parçalanmış bu Vətəndən o Vətənə ailəsi və özü köçsə də, gözü-könlü burada qalıbmış Mədinə Gülgünün. Köç zamanı nə yaşı varmış hələ - vur-tut, on ikicə...
Elə oradan buraya köçməyin özü də şair bir ürək üçün bir yara; orda ikən hər gecə xəyalından Bakı keçirmiş, burda ikən Təbriz! Belə-belə gecələr, gündüzlər dünənədək bu dünyaya uşaq-uşaq, küskün-küskün baxan bu qızı öz düşüncələrini misra-misra söyləməyə səsləyir. Gah ağlamlayıb, gah çağlamlayan Mədinə nəhayət ki, Gülgünləşir. Sən demə, taleyin ona yazdığı burdan ora, ordan bura qismətindən sonralar yazacağı bir həsrət şeirinə tədarük də edirmiş:
Biz ki özgə deyilik -
Bölünək bölük-bölük.
Bir obayıq, bir elik -
Bakıdan Təbrizəcən.
Vüsal olsa, nə dərdim,
Quşlarla bəhs edərdim,
Mən piyada gedərdim -
Bakıdan Təbrizəcən...
...Deməyəsən, bu xanımın məhəbbət, ər-ailə taleyi də “ora”lılıq imiş; cənublu şair Balaş Azəroğlu ilə ailə quracaq və bu qismətdən razı qalacaqmış:
Yer üzündə bir evim var,
Pəncərəsi günəşə.
Ordan iki körpə qartal
Böyüdüb uçurmuşam.
Yer üzündə bir evim var,
Orda neçə illərdir,
Taleyi bir, arzusu bir -
İki şair ömr edir.
Mədinə Gülgün yaradıcılığı ilə tanış olduqca, vətənpərvərliyin bəlli elementlərinin çoxu ilə rastlaşa, çox notunu eşidə bilərik. Bu qos-qoca məmləkətin ağbirçək ana-vurğun şairlərindən idi Mədinə Gülgün. Milli şadlıqlarımıza ədəbi sağlıqlar, qəm-kədərlərimizə bədii ağılar deyən şairlərdən idi. 20 Yanvar acısı onun misralarında daha ərşə qalxdı, daha uzaqlara yayıldı.
Onun kitabları çoxdur. 1950-ci ildən başlayıb, ömrünün sonuna qədər 20-dən çox kitab bağladı Mədinə Gülgün. Çoxu da tək elə qalınlığıyla deyil, qalanlığı ilə seçilir. Kitablarının birindəki bu iki bənd bu Vətənəbənd şairin bütün kitabları haqda tərcümanlıq da edə bilər, zənnimcə:
Mənə söyləməyin; az alışıb-yan,
İnanın, daşı da ağladar hicran.
Dağların ahıdır - o çən, o duman,
Dağların dərdini dumanlar bilər.
Məni sorğulara tutma sən, əbəs,
Arzumu qəlbimdə, baxışımda gəz.
Könlümü hər naşı oxuya bilməz -
Onu dünya görmüş insanlar bilər!
Deyirlər, şairlərin yazmadıqları yazdıqlarından qat-qat çoxdur. Yalandırsa da, çox gözəl, istedadlı yalandır. Və təəssüf ki, belə xoş yalanlar az deyilib - bütün ömrü boyu dünyamız haqda bəs qədər yazan, deyən şairlər barədə...
Yaxşı ki, şairlər onlar haqda az deyilməsindən, hətta bəzən həzər-hədyan söylənməsindən usanıb-qısınmadan yazırlar. Əlbəttə, söhbət yaxşı şeirlər yazmaqdan gedir. Məsələn, kim deyə bilər ki, Mədinə xanımın bu bəndləri vaxtımı aldı və ya zövqümü korladı(?):
Qızıl günəş göy üzündə güləndə,
Nəğməsini quşlar bağ-bağ böləndə,
Mən göz açıb bu dünyaya gələndə
Bəxt ulduzum burda yanan olubdur,
İlk beşiyim Azərbaycan olubdur.
Çağlamağı bulaqlardan almışam,
Boy atmağı qovaqlardan almışam.
Əzəməti bu dağlardan almışam,
Gül-çiçəyi dərdə dərman olubdur,
İlk beşiyim Azərbaycan olubdur.
Tahir Əhmədalılar