Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə “Bakı gecələri - 2012” estrada mahnı festivalı başlayır. 2008-ci ildən etibarən keçirilən festivalın məqsədi mahnı müəlliflərinin yaradıcılıq fəaliyyətinə dəstək vermək, Azərbaycanı beynəlxalq müsabiqələrdə layiqincə təmsil edəcək estrada ifaçılarını yetişdirmək və bu mahnı janrını inkişaf etdirməkdir.
   Festivalın birinci mərhələsində təşkilat komitəsi tərəfindən seçilmiş mahnılar sentyabrın 20-dən etibarən festivalın rəsmi informasiya dəstəyi olan “Araz FM - 103.3” radiosunun efirində həftə ərzində hər gün səsləndiriləcək. Mahnılar SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsində iştirak edəcəklər.
   Səsvermə noyabrın 20-dək davam edəcək və ən çox səs qazanmış 21 mahnı “Bakı gecələri” estrada mahnı festivalının qalibləri elan ediləcək. Qalib mahnılar dekabrın 24-də Heydər Əliyev Sarayında qala-konsertdə tamaşaçılara təqdim olunacaq və 3 mahnı seçilərək mükafatlandırılacaq.