ABŞ-ın Kaliforniya ştatında “Azərbaycan muğam musiqisi: muğamın Azərbaycan mədəniyyətində və dünyada yeri” mövzusunda yazı müsabiqəsi keçiriləcək. Ölkəmizin Los-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, müsabiqə Kaliforniyanın kollec və universitetlərində təhsil alan tələbələr üçün elan olunub. Məlumatda həmçinin qeyd olunur ki, yarışmanın qalibləri baş konsulluqda yaradılmış müsabiqə komitəsi tərəfindən seçiləcək. Qaliblərə pul mükafatı (birinci yerin qalibinə 750 dollar) veriləcək.
   Təqdim olunan məqalədə sözlərin sayı mindən çox olmamalı və əl yazısı şəklində təqdim edilməlidir. Azərbaycan muğamının həm Azərbaycan mədəniyyəti sahəsində vacibliyi, eyni zamanda dünya mədəniyyətinə bəxş etdiyi töhfələri xüsusilə qeyd olunmalıdır.
   Qeyd edək ki, Azərbaycanın “Şur” muğamı NASA-nın musiqi səsləndirmək imkanlarına malik iki kosmik peykində səsləndirilməkdədir.