Tanınmış xanəndə Qoçaq Əsgərov xaricdə növbəti çıxışına hazırlaşır. Sentyabrın 23-də xanəndə İspaniyanın Barcelona şəhərinin Mədəniyyət İnstitutunda konsert proqramı təqdim edəcək. Konsert Barselonada keçirilən “Merce-2012 - Merce Musica” Beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunacaq.
   Xanəndə bildirib ki, konsert Azərbaycanın İspaniyadakı səfirliyinin təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, UNESCO-nun eksperti Sənubər Bağırovanın dəstəyi nəticəsində gerçəkləşəcək. Bu, Barselonada ilk azərbaycanlı musiqiçinin konserti olacaq.
   Xanəndəni Mircavad Cəfərov (tar), Elnur Mikayılov (kamança), Şirzad Fətəliyev (balaban), Kamran Kərimov (nağara) müşayiət edəcək. Qoçaq Əsgərov konsertdə muğam, təsnif və xalq mahnılarımızı səsləndirəcək.