Beynəlxalq festival çərçivəsində kamera musiqisi konserti
   
   Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 19-da festival çərçivəsində dahi bəstəkarın ev-muzeyində “Üzeyir evinin qonaqları” kamera musiqisindən ibarət konsert təqdim olundu. Tədbiri muzeyin şöbə müdiri Gülnarə Ələsgərova açaraq qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmana əsasən, Üzeyir Musiqi Günü hər il geniş tədbirlərlə qeyd olunur. Dahi bəstəkarın xatirəsinə həsr olunan və artıq dördüncü dəfə keçirilən beynəlxalq musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda da böyük əks-səda doğurub.
   Sonra Bakı Musiqi Akademiyasının 1-ci kurs tələbəsi, beynəlxalq müsabiqə laureatı Tofiq Şıxıyevin və 2-ci kurs tələbəsi, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqə laureatı Osman Əyyublunun ifasında fransız bəstəkarları Klod Debüssi və Moris Ravelin əsərləri səsləndirildi. Tədbirdə Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti iştirak edirdi.
   * * *
   Həmin gün festival çərçivəsində daha bir tədbir Azərbaycan Dövlət Filarmoniyasında keçirildi. Almaniyanın Köln Kamera Orkestrinin təqdim etdiyi klassik musiqi axşamında Yozef Haydnın, Volfqanq Amadey Motsartın, İohannes Bramsın əsərləri səsləndirildi.
   
   Savalan Fərəcov