Bolqarıstanda gənc musiqiçilərin “Ümid. İstedadlar. Ustadlar” adlı XVII beynəlxalq müsabiqəsi keçirilib. 
   Professorlar Viktor Çuçkov (Bolqarıstan), Tomislav Baynov (Almaniya) və Tamara Poddubnayadan (ABŞ) ibarət beynəlxalq münsiflər heyətinin yekdil qərarı ilə kiçik və orta qruplarda Qran-pri nominasiyasında birinci mükafatlara Azərbaycan ifaçıları - Bakı Musiqi Akademiyası məktəb-studiyasının şagirdləri Firuzə Bəylərova və Murad Abbasov (pedaqoqlar Nərgiz Mansurovanın və Ayişə Əliyevanın sinfi) layiq görülüblər.
   Müsabiqədə 23 ölkədən 150 nəfər iştirak edib. İki iştirakçımız Qran-pri nominasiyasında mükafatlandırılan 15 nəfər arasında yer alıb. Yeniyetmə ifaçılar yüksək mükafatlarla yanaşı, Almaniyada müasir dövrün görkəmli musiqiçilərinin ustad dərsinə getmək imkanı da qazanıblar.
   Bundan əvvəl Bolqarıstanda keçirilmiş müsabiqələrdə qələbə qazanmış laureatlarımız da Almaniyaya səfərlə mükafatlandırılıblar. Onların arasında məktəb-studiyanın şagirdi Vüsalə Babayeva da (I mükafat, pedaqoq - A.Əliyeva) vardır. O, bu yaxınlarda Hammelburq Musiqi Akademiyasında müxtəlif ölkələrdən olan digər laureatlarla birlikdə ustad dərsində müvəffəqiyyətlə çıxış edib.