Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramları davam edir.
   
   Sentyabrın 21-də festival çərçivəsində dahi bəstəkarın ev-muzeyində “Üzeyir evinin qonaqları” silsiləsindən “Furiozo quartet” layihəsi reallaşdırılıb. Konsertdə Səid Məmmədov (violin), Süleyman Babakişizadə (violin), Üzeyir Mahmudbəyli (viola) və Georgi İmanovun (cello) ifasında dünya klassiklərindən L.V.Bethovenin, Q.Qarayevin əsərləri səsləndirildi. Bakı Musiqi Akademiyasının kvarteti təcrübəli pedaqoq, professor Nəzmiyyə Abbaszadənin rəhbərliyi ilə bu il yaradılıb.
   Həmin gün festival çərçivəsində daha bir konsert Azərbaycan Dövlət Filarmoniyasında təşkil olundu. 2010-cu ildə İtaliyanın Parma şəhərində keçirilmiş A.Toskanini adına Beynəlxalq dirijorlar müsabiqəsinin qalibi, I dərəcəli C.Sinopoli mükafatı laureatı Əyyub Quliyevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin, A.Əlizadənin, P.Çaykovskinin və S.Raxmaninovun əsərlərini ifa etdilər. Beynəlxalq müsabiqələr laureatları Kristof Kruazenin və İlya Maksimovun ifaları alqışlarla qarşılandı.
   Sentyabrın 22-də Opera və Balet Teatrında Cakkomo Puççininin “Canni Skikki” operasının premyerası keçirildi. Operanın musiqi rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlov, quruluşçu rejissoru Nikolay Tretyak, quruluşçu rəssamı Yusif Babayevdir. Səhnə əsərində baş rolları Əli Əsgərov, İnarə Babayeva, Gülnaz İsmayılova, Əkrəm Poladov və başqaları canlandırdılar.
   Sentyabrın 23-də bəstəkarın ev-muzeyində “Üzeyir evinin qonaqları” silsiləsindən növbəti kamera musiqisi konserti oldu. Mustafa Mehmandarov (violin), Nicat Məmmədov (fleyta), Cəmilə Qarayusifli (skripka), Tural Quliyev (truba), Elgün Ağazadə (skripka) və Kənan Mayılovun (skripka) ifası maraqla qarşılandı.
   Sentyabrın 24-də isə Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirildi. Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə keçən konsertdə Ü.Hacıbəyli, A.Zeynallı, F.Əmirov, M.Maqomayev, A.Məlikov, N.Əliverdibəyov və başqa bəstəkarların əsərləri ifa olundu.
   Sentyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində təşkil olunan vokal musiqisi axşamı da maraqla qarşılanıb. Konsertdə vokalçı - İtaliyanın Pezaro Musiqi Akademiyasının tələbəsi Azər Rzazadəni beynəlxalq festivallar və müsabiqələr iştirakçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Müşfiq Quliyev müşayiət edib.
   Azərbaycan Dövlət Filarmoniyasında təqdim olunan növbəti konsertdə türkiyəli Gürer Aykalın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Q.Qarayevin, C.Allahverdiyevin, U.Erkinin əsərlərini ifa edib. Solistlər Toğrul Qəniyev, Murad Hüseynov, Səbuhi İbayev və Gülnaz İsmayılovanın ifaları alqışlarla qarşılanıb.
   Dünən festivalın daha bir tədbiri Ağcabədidəki “Qarabağ” Muğam Mərkəzində keçirilib. Opera və Balet Teatrının peşəkar vokalçılarının ifasında Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri təqdim olunub. Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada Xalq artisti Azər Zeynalov, əməkdar artistlər İnarə Babayeva, Gülüstan Əliyeva və başqaları iştirak ediblər.
   Festival sentyabrın 29-da başa çatacaq.
   
   Ceyhun