Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən davam edən IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı sona çatmaq üzrədir.  

  Sentyabrın 26-da festival çərçivəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası kamera orkestrinin konserti olub. Konsertdə V.A.Motsart, Q.Qarayev, F.Əmirov, T.Quliyev, F.Çilea, A.Piazzolla, P.Axundovanın əsərləri ifa olunub.
   İki ildir fəaliyyət göstərən orkestrin ifaçı tərkibinə BMA-nın tələbələri, aspirantları və müəllimləri daxildirlər. Orkestrin rəhbəri akademiyanın kamera ansamblı kafedrasının professoru Tofiq Aslanovdur. Orkestrin repertuarına Azərbaycan, Qərbi Avropa və Rusiya bəstəkarlarının əsərləri daxil edilib. Orkestr ötən il ölkəmizi Türkiyənin bir neçə şəhərində, cari ildə isə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində uğurlu konsert proqramı ilə təmsil edib.
   Sentyabrın 26-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqi zalında növbəti konsert proqramı təqdim olunub. Konsertdə “Contempo” ansamblı Ü.Hacıbəylinin, Q.Qarayevin, V.Allahverdiyevin, E.Mirzəyevin və S.Fərəcovun əsərlərini ifa edib. Ansamblın çıxışı tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.
   Sentyabrın 27-də festival çərçivəsində dahi sənətkarın ev-muzeyində “Üzeyir evinin qonaqları” silsiləsindən fortepiano triosunun konserti olub. Konsertdə Səidə Tağızadənin (piano), Cavad Tağızadənin (skripka), Aleksey Miltixinin (violin) ifasında Fikrət Əmirovun, Sevda İbrahimovanın və Oqtay Zülfiqarovun əsərləri səsləndirilib.
   Dünən həmçinin Dövlət Filarmoniyasında Zaxar Bronun rəhbərliyi ilə kamera orkestri çıxış edib. Proqramda A.Vivaldi, Y.Sibelius, P.Sarasate, S.Barber, İ.S.Bax, F.Kreysler, M.Ravelin əsərləri ifa olunub.
   Festival sentyabrın 29-da başa çatacaq.