Oktyabrın 22-dən 25-dək Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin təşkilatçılığı ilə Azərbaycan professional vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı, SSRİ Xalq artisti, professor Bülbülün 115 illik yubileyinə həsr olunmuş musiqi festivalı və bu festival çərçivəsində milli musiqi alətləri ifaçılarının və xanəndələrin müsabiqəsi keçiriləcək.
   
   Gənc istedadların aşkara çıxarılması, onların professional inkişafının dəstəklənməsi, ifaçılıq sənətinin inkişafı məqsədilə 3 yaş qrupu üzrə keçiriləcək (I qrup 10-13 yaş, II qrup 13-16 yaş, III qrup 16-20 yaş) müsabiqə 2 mərhələdən ibarət olacaq. Müsabiqənin yekun konsertinin oktyabrın 27-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunması nəzərdə tutulur.
   İştirakçıların tar, kamança, qanun alətləri ifaçılığı üzrə I mərhələdə çıxış proqramına texniki əsər (Etüd və 5-7 dəqiqə həcmində muğam kompozisiyası), II mərhələdə biri, Fikrət Əmirov yaradıcılığından olmaqla, 2 əsər daxil edilməlidir. Qeyd edək ki, F.Əmirov yaradıcılığına müraciət təsadüfi deyil, çünki 2012-ci il görkəmli bəstəkarın anadan olmasının 90 ili tamam olur.
   İştirakçıların balaban aləti ifaçılığı üzrə I mərhələdə çıxış proqramına bir bəstəkar əsəri və rəqs, II mərhələdə bir əsər və 5-7 dəqiqə həcmində muğam kompozisiyası, xanəndələr üçün I mərhələdə muğam kompozisiyası, II mərhələdə bir xalq və bir bəstəkar mahnısı daxil edilməlidir.
   Müsabiqəyə daxil olacaq ifaçı repertuarı üçün seçilməyə məqsədəuyğun əsərlər bunlardır: tar aləti ifaçıları üçün - F.Əmirovun "Min bir gecə" baletindən "Orgiya", V.Adıgözəlovun "Qərənfil", kamança aləti ifaçıları üçün - F.Əmirovun "Mən səni araram", S.Ələsgərovun "Tarantella", qanun aləti ifaçıları üçün - A.Gərayın "Tarantella", balaban aləti ifaçıları üçün - "Çoban Qara", Ü.Hacıbəylinin "Aşıqsayağı", "Sevgili canan", S.Kərimovun "Gecələr", xanəndələr üçün - F.Əmirovun "Sevdiyim yardır mənim", "Kor ərəbin mahnısı", "Azərbaycan elləri", "Gülərəm gülsən", "Mən səni araram", xalq mahnılarından "Gözəlim sənsən", "Küçələrə su səpmişəm", "Evləri var xana-xana", "Aç xurcunu", "Aman nənə", "Ay dili-dili", "Yaylıq", "Süsən sünbül", "Ay Laçın".
   Bu il 115 illiyi qeyd olunan görkəmli vokal ifaçısı Bülbül Azərbaycan musiqisinin təməlinin qoyulduğu dövrdə professional bəstəkarlıq məktəbimizin banisi Üzeyir Hacıbəyli ilə bərabər addımlamış, musiqili teatrın yaranmasında böyük rolu olmuş şəxsiyyətlərdəndir. Təsadüfi deyil ki, səhnə fəaliyyətinin ilk illərində o, Birləşmiş Dövlət Teatrının opera truppasının solisti kimi Ü.Hacıbəylinin "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) əsərlərində çıxış etmişdir. Bülbül xaricdə təhsil almış ilk azərbaycanlı vokalçı olmuş, İtaliyanın Milan şəhərindəki konservatoriyanı bitirmiş, bu ölkənin "Haribaldi ulduzları" ordeninə layiq görülmüşdür.
   Dahi müğənninin Azərbaycan musiqisinin inkişafındakı xidmətləri danılmazdır. O, Azərbaycan Dövlət Konservatoriyası nəzdində xalq musiqisini öyrənən Elmi-Tədqiqat Musiqi Kabinəsi yaratmış, uzun illər Üzeyir bəyin başladığı işi - xalq musiqimizin tədqiqini davam etdirmişdir. Bülbül Ü.Hacıbəylinin yaratdığı ilk klassik Azərbaycan operası "Koroğlu"da baş rolun, "Sənsiz" və "Sevgili canan" romanslarının, A.Zeynallının yazdığı ilk Azərbaycan romansı "Ölkəm"in ilk ifaçısı olmuşdur.
   Onun ifaçılığındakı ən vacib cəhət Azərbaycan xalq motivlərinin italyan klassik opera ifaçılığı ənənələri ilə birləşdirilməsindən ibarətdir. Azərbaycan musiqisində simfonik muğam janrının yaradıcısı F.Əmirova bu ideya məhz Bülbül tərəfindən verilmiş və böyük bəstəkar əsəri yazarkən muğam bilicisi Bülbülün məsləhətlərindən bəhrələnmişdir. Bülbülün musiqi təhsili sahəsindəki önəmli rolu da mütləq qeyd olunmalıdır. O, xalq çalğı alətləri - tar, kamança, balaban ifaçılığı üzrə dərs vəsaiti yaratmış ilk musiqiçidir.
   Yaradıcılıq və fəaliyyətində Bülbül qədər birincilik missiyasına bağlı olan ikinci Azərbaycan vokalçısı tapmaq mümkün deyil. O, Azərbaycanın ilk peşəkar vokalçısı, vokal sənəti üzrə ilk azərbaycanlı professor, Şərq oxuma məktəbini Avropa vokal məktəbi ilə üzvi şəkildə birləşdirərək təkcə Azərbaycan üçün deyil, Yaxın və Orta Şərq ölkələrində də böyük əhəmiyyət kəsb edən yeni bir ifaçılıq məktəbinin əsasını qoymuş dahi sənətkardır.