Xəbər verdiyimiz kimi, oktyabrın 16-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Caz Festivalı başlayıb.
   
   Dünyanın məşhur ifaçılarının qatıldığı festivalın Beynəlxalq Muğam Mərkəzində keçirilən ilk konsertində amerikalı Mayk Stern (Mike Stern) öz qrupu ilə maraqlı caz kompozisiyaları təqdim edib.
   Festivalın növbəti konserti Bakı Caz Mərkəzində Əməkdar artist Tofiq Cabbarov və onun qrupunun ifasında gerçəkləşib. Tofiq Cabbarovu (perkussiya) Ruslan Hüseynov (bass gitara), Əfqan Rəsul (piano), Etibar Əsədli (sintezator), Elvin Bəşirov (zərb alətləri), Zaur Mirzəyev (saksafon) müşayiət ediblər. Yerli cazmenlərin ifası alqışlarla qarşılanıb.
   Oktyabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında festival çərçivəsində kubalı caz pianoçusu və bəstəkarı Qonzalo Rubalkabanın konserti oldu. Konsertdən öncə tədbirin aparıcısı Rahib Azəri tamaşaçıları 18 Oktyabr - Müstəqillik Günü münasibətilə təbrik etdi. Müstəqillik illərində ölkəmizdə mədəniyyətin, incəsənətin sürətlə inkişaf etdiyini vurğuladı: “Bu inkişaf Azərbaycan cazından da yan ötməyib. Cazsevərləri hər iki bayram münasibətilə təbrik edir, müstəqilliyimizin, həmçinin musiqimizin əbədi olmasını arzulayıram”.
   Sonra səhnə musiqiçilərə verildi. Qonzalo Rubalkaba Latın Amerikası caz özəlliklərini təqdim edə bilən mahir musiqiçi, məşhur pianoçudur. Musiqidə daim axtarışda olan Q.Rubalkaba Havanada keçirilən caz festivalında İspan və Afrika ritmlərinə Kuba ritmləri əlavə edərək öz qeyri-adi ifaçılığı ilə şöhrət qazanıb. Kubalı musiqiçi öz virtuozluğu ilə hamını heyrətə gətirərək 1996-cı ildə “ən yaxşı pianoçu” kimi Qremmi mükafatına layiq görülüb.
   Cazmenin Azərbaycan səhnəsində çıxışı da tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
   Dünən “Baku Jazz Center”in səhnəsində isə gənc caz ifaçılarının konserti olub.
   Oktyabrın 25-dək davam edəcək festival çərçivəsində tanınmış caz ifaçıları və qrupları - Qlen Miller Caz Orkestri, Karmen Souza (Portuqaliya), Aleksandr Maşın (Rusiya), H30 qrupu (İsveçrə), Luçiano Biondini (İtaliya), Grzegorz Karnas (Polşa), "Breeze of caucasus" triosu (Gürcüstan), "Kool and the Ganq" qrupu (ABŞ), Esra Dalfidan (Hollandiya), Vyaçeslav Qryaznov (Rusiya), ölkəmizdən Salman Qəmbərov, Rain Sultanov, İsfar Sarabski, Natiq Şirinov, Tofiq Cabbarov və başqaları iştirak edir.
   
   Reyhan